Dövlət sərhədimizin 12 km-i artıq delimitasiya olunub - İlham Əliyev
“COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında razılaşmanın, ən azı baza prinsipləri ilə bağlı razılaşmanın əldə olunması tamamilə realdır. Hesab edirəm ki, baza prinsipləri ilə bağlı razılığa gəlmək və sonra məzmunun təfərrüatlarına daha çox vaxt ayırmaq da bir variantdır. Lakin hətta layihə hazır olsa da, düşünürəm ki, bunun üçün hər iki tərəf gərgin işləməli və ola bilsin görüşləri bir gün deyil, bir neçə gün keçirməlidir.
Azlist.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” adlı beynəlxalq forumda Böyük Britaniya Xarici Siyasət Mərkəzinin baş məsləhətçisi Kreyq Olifantın sualını cavablandırarkən deyib.
“Delimitasiya və sülh razılaşması iki ayrı məsələdir. Düşünürəm ki, onları birləşdirmək və bir-birindən asılı etmək yanlış olar. Bunun çox sadə bir səbəbi var. Bizim Ermənistanla sərhədimiz təxminən 1000 kilometrdir, ola bilsin daha çox və ya daha az. Bu sərhədin böyük hissəsi 30 ildən çox işğal altında olub - Kəlbəcərdən, Murovdağdan Araz çayına qədər təxminən 500 kilometrdir. Sovet dövründə hətta bizim inzibati sərhədlərimiz olanda Ermənistan Sovet Respublikası ilə Azərbaycan Sovet Respublikası arasında inzibati sərhədin bir hissəsi müəyyən olunmamışdı. Sərhədin böyük hissəsində məskunlaşma tamamilə olmayıb, dağların hündürlüyü 3500 metrdir, ilin 9 ayı qarla örtülü olur. Bu, həqiqətən də çox mürəkkəb relyefdir. Praktiki nöqteyi-nəzərdən qısa müddətdə bu sərhədin delimitasiyası mümkün deyil”.
İlham Əliyev regional məsələlərin digər iki nümunəsini də göstərib:
“İki dost ölkə olan Azərbaycan və Gürcüstan, həmçinin iki dost ölkə olan Ermənistanla Gürcüstan 30 ildən çox müddətdə öz sərhədlərinin delimitasiyasını apara bilməyib. Qeyd etdiyim kimi, ona görə yox ki, bizim problemlərimiz var, - həm Ermənistanın, həm də Azərbaycanın Gürcüstanla dost münasibətləri var, - ona görə ki, bu, mürəkkəb məsələdir. Bizim Gürcüstanla sərhədimiz, yəni, sərhədin razılaşdırılmış hissələri cəmi 70 faiz təşkil edir. Bu, ləng gedən prosesdir, bu proses yüksək dəqiqlik tələb edir. Ona görə də biz Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyasını gözləyib sonra sülh razılaşması imzalasaq, bizə daha 30 il vaxt lazım olacaq. Bizim təklifimiz bu iki məsələni ayırmaqdan ibarətdir. Bunu deyərkən kiminsə bizim mövqeyimizi yanlış şərh etməsini və ya, necə deyərlər, fərziyyələr irəli sürməsini istəmirəm”.
Prezident bildirib ki, Azərbaycan və Ermənistan 2022-ci il oktyabr Bəyanatı ilə bağlı razılığa gələndə bu, açıq-aşkar onu göstərdi ki, bizim əlaqələrimiz yaxşı məlum olan 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq.
“İkincisi, biz dedik ki, Ermənistana qarşı ərazi iddialarımız yoxdur, əgər onların Azərbaycana qarşı ərazi iddiaları olmasa. Biz Ermənistana nümayiş etdirdik ki, əgər onlar Azərbaycana qarşı ərazi iddialarını davam etdirsələr, bizim Ermənistana qarşı ərazi iddialarımız olacaq. Bunun nəticəsi necə olacaq, düşünürəm ki, hər kəs başa düşür. Onlar Azərbaycana qarşı ərazi iddialarını açıq şəkildə aradan qaldırandan və Qarabağı ölkəmizin tərkib hissəsi kimi tanıyandan sonra əlbəttə ki, bizim tərəfimizdən Ermənistana qarşı heç bir ərazi iddiası olmayacaq. Mən, sadəcə olaraq, buna aydınlıq gətirmək istədim ki, bəzən buradan uzaqda yerləşənlər ermənilərdən daha çox erməni kimi davranmaq, bizim siyasətimizi və addımlarımızı yanlış təqdim etmək istəyəndə bizim siyasətimiz və mövqeyimiz yalnız praqmatizmə əsaslanır”.
İlham Əliyev deyib ki, delimitasiyanın Qazaxın işğal olunmuş kəndlərindən başlanması Azərbaycan tərəfinin təklifi olub:
“Biz Ermənistan tərəfinə dedik, əgər onlar həqiqətən də nümayiş etdirmək istəyirlərsə ki, bu istiqamətdə irəliləməyə hazırdırlar, bunu etməlidirlər. Çünki bu kəndlər məskunlaşmış kəndlərdir, mübahisə obyekti ola biləcək məskunlaşma olmayan təpələr deyil. Orada azərbaycanlılar məskunlaşmışdılar və kəndlər işğal edilmişdi. Onlardan biri hətta Sovet İttifaqı dövründə - 1990-cı ildə faktiki olaraq bizə qarşı müharibə başlayanda işğal edilmişdi. Dördüncüsü 1992-ci ildə artıq Sovet İttifaqının süqutundan sonra işğal olunmuşdu”.
Prezidentin sözlərinə görə, dövlət sərhədimizin təxminən 10 və ya 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir.
“Bu, mühüm məqamdır. Təsadüfi deyil ki, bir çox region və qeyri-region ölkələri artıq buna öz dəstəklərini ifadə edib. Prosesin necə davam edəcəyini görəcəyik. Əvvəl qeyd etdiyim kimi, hər iki tərəf konstruktivlik nümayiş etdirdi, hər iki tərəf bu məsələnin həssaslığını, eyni zamanda, beynəlxalq hüquqla öhdəliyi başa düşür və düşünürəm ki, eyni yanaşma sonrakı mərhələdə nümayiş olunsa, biz daha sürətlə irəli gedə bilərik.
Bizim hər zaman praqmatizm nöqteyi-nəzərindən qaldırdığımız bir məsələ də var ki, sərhəd, heç şübhəsiz, prinsiplərə əsasən delimitasiya olunmalıdır. Lakin, eyni zamanda, sərhədin elə hissələri var ki, hər iki tərəf üçün problemlər yaradır. Bu, yollar, bəzən təhlükəsizlik mexanizmi, bir-birinin ərazilərinin dərinliyinin görünməsi ilə bağlı olur. Ona görə də biz kreativ olmalıyıq. Biz bir xətti tutaraq “kor pişik” kimi bu xətlə getməməliyik. Biz xətti əsas kimi götürürük, amma məntiqli olmalıyıq və hər iki tərəf üçün təhlükəsiz, hər iki tərəf üçün rahat olacaq sərhədlə bağlı razılığa gəlməliyik. Baxmayaraq ki, qeyd etdiyim kimi, sərhədin və ətraf ərazilərin böyük hissəsi məskunlaşma olmayan yerlərdir, insanların bir-birinə yaxın yaşadığı hissələr var. Onlardan biri məhz həmin 4 kəndin ərazisidir ki, yaşayış məntəqələri arasında məsafə ola bilsin bir neçə yüz metr və ya ondan da azdır. Biz bu dörd kəndlə bağlı məsələni faktiki olaraq İkinci Qarabağ müharibəsindən dərhal sonra qaldırdıq, biz onları heç vaxt unutmuruq”.
Azərbaycan Prezidenti esklav kəndlər məsləsinə də toxunub:
“Eksklavlar məsələsi başqadır, çünki onlar daha mürəkkəbdir və digər ölkənin əhatə etdiyi ərazidə yerləşir. Buna görə onlara delimitasiya prosesində baxılmalıdır. Əgər Ermənistan tərəfi onları indi - ikinci mərhələdə nəzərdən keçirmək istəyirsə, biz hazırıq. Onlar məsələyə sonra baxmaq istəyirlərsə, biz yenə də hazırıq. Delimitasiya başa çatdıqdan dərhal sonra – hazırda Qazax rayonunun dörd kəndinin sahəsində demarkasiya aparılır. Düşünürəm ki, hər iki tərəf, yəni, iki Delimitasiya Komissiyası növbəti addımlar üzərində razılığa gəlməlidir. Biz həmin məsələyə ayrıca epizod kimi baxılmasını istəmirik və delimitasiya işini davam etdirmək istəyirik. Təklif edirəm ki, iş bəlkə də ən asan hissədən başlasın. Əgər Ermənistan tərəfi ən çətin hissədən başlamaq istəyirsə, məsələn eksklavlar, biz onun üçün də hazırıq”.