Rəsmi

Bu, intihar etmək deməkdir - İlham Əliyev Ermənistana şərt QOYDU

Bu, intihar etmək deməkdir - İlham Əliyev Ermənistana şərt QOYDU
7İyun 202410:32

“Ermənistan-Azərbaycan prosesi ilə bağlı onu deyə bilərəm ki, biz hesab edirik, bir neçə açıq olan məsələ hələ də qalmaqdadır. Onlardan biri Ermənistanın Konstitusiyasıdır ki, orada Azərbaycana qarşı ərazi iddiaları var. İkincisi, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyulmalıdır”.

Azlist.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə söyləyib.

İlham Əliyev sözlərinə belə davam edib:

“Təbii ki, biz artıq bunu Ermənistan tərəfinə təklif etmişik ki, Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Minsk qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət göstərmir. Biz onun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik. Qaldı ki, de-yure - hüquqi cəhətdən bu, ləğv edilsin və bu, Ermənistanın nə qədər səmimi olmasından xəbər verəcək. Əgər Ermənistan Minsk qrupunun saxlanmasına üstünlük versə, deməli, onların bizə qarşı ərazi iddiaları davam edir.

Bildiyiniz kimi, bu yaxınlarda sərhədlərin müəyyən edilməsi istiqamətində önəmli hadisələr baş vermişdir. Azərbaycan 1990-cı və 1992-ci illərdə itirdiyi dörd kəndi - Qazax bölgəsində yerləşən dörd kəndi bir güllə atılmadan geri qaytardı. Bu, onu göstərir ki, məsələlər sülh yolu ilə həll oluna bilər. Əgər Ermənistan 2020-ci ildə bizim sözümüzə qulaq assaydı və sülh yolu ilə bizim torpaqlarımızı qaytarsaydı, İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına ehtiyac qalmazdı. Yəni o, onlar üçün dərs olmalıdır və mən görürəm ki, o dərsdən onlar, necə deyərlər, nəticə çıxarırlar. Çünki dörd kəndin sülh yolu ilə, danışıqlar yolu ilə bizə qaytarılması və o bölgədə sərhədlərin müəyyən edilməsi göstərir ki, biz məsələləri danışıqlar yolu ilə həll edə bilərik. Əlbəttə, növbəti mərhələdə, - əminəm ki, Şuşa Zirvə görüşü bu istiqamətdə önəmli addım olacaq, orada həm birliyimiz nümayiş etdiriləcək, həm də konkret məsələlər müzakirə olunacaq, - dövlət başçıları, parlament sədrləri, vətəndaş cəmiyyəti, cəmiyyətin bütün təbəqələri birgə səylərlə bir nöqtəyə vurmalıdırlar ki, Türk dünyası güclənsin. Mən əminəm gün gələcək ki, dünyanın bütün məsələlərini Türk Dövlətləri Təşkilatı ilə məsləhətləşmə yolu ilə həll edəcəklər. Yəni, biz ancaq xoş niyyət göstəririk və hörmətli sədr Numan Kurtulmuşun dediyi kimi, bizim istəyimiz işbirliyidir, əməkdaşlıqdır, dostluqdur. Biz heç kimə qarşı heç bir hərəkət etmirik. Biz heç kim üçün təhdid mənbəyi deyilik və heç vaxt olmayacağıq. Öz haqqımızı tələb edirik, qoruyuruq, bir-birimizi dəstəkləyirik,

Bir-birimizi qoruyuruq. Baxın, Türkiyə və Azərbaycan 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışlar və rəsmi müttəfiq olmuşlar. Yəni bu müttəfiqlik ən yüksək əməkdaşlıq formatıdır. Hər zaman bütün məsələlərdə bir-birimizin yanındayıq. Bir məsələ çıxan kimi, necə deyərlər, avtomatik rejimdə, gözüyumulu bir-birimizin yanındayıq. Bu birlik bütün Türk dünyasında olmalıdır və ondan sonra heç kim bizim işimizə müdaxilə edə bilməz”.

Prezident Azərbaycanla Ermənistan arasında hazırda davam edən danışıqlar prosesinə də toxunub:

“Danışıqlar prosesi müəyyən nəticələrlə davam edir. Demək olmaz ki, biz bütün məsələlərdə razılığa gəldik. Amma yəqin ki, belə qısa müddətdə bunu gözləmək çətin olardı. Çünki 28 ildir ki, ATƏT-in Minsk qrupu bir santimetr belə irəli getməyib, 28 il ərzində bir məsələ də razılaşdırılmayıb. Ona görə də indi, il yarımdan sonra bütün məsələlərin razılaşdırılacağını gözləmək, təbii ki, bir qədər sadəlövhlük olardı. Ancaq vacibdir ki, proses olsun, onun dinamikası olsun və bir çox məsələlər razılaşdırılsın. Amma yenə də deməliyəm ki, bizim mövqeyimiz beynəlxalq hüquq normalarına əsaslanır. Bizim heç vaxt heç bir ölkəyə, o cümlədən Ermənistana qarşı ərazi iddiamız olmayıb və yoxdur. Onların bizə qarşı ərazi iddiaları var idi. Məhz onların konstitusiyasına sonradan daxil olan müstəqillik bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları var. Məhz onların ideologiyasında, siyasətində və ictimai diskursunda Türkiyəyə qarşı ərazi iddiaları davamlı olaraq eşidilir. Azərbaycanlılar və türklər məhz onların cəmiyyətində kiçik yaşlarından düşmən obrazında təqdim edilirlər. Millətçilər və hərbi cinayətkarlar tərəfindən zəhərlənən onların cəmiyyətidir. Ona görə də onlar bu məsələlərlə məşğul olmalıdırlar. Təbii ki, Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil. Biz bu sualı qaldıranda mən dedim və yenə də demək istəyirəm, ona görə yox ki, biz onların daxili işlərinə qarışırıq, qətiyyən yox, amma bu, bizə aiddir. Onların bizə qarşı ərazi iddiaları olduğu bir vaxtda biz Ermənistanla sülh sazişi bağlaya bilmərik. Həm də, bilirsiniz, daha sonra deməliyəm ki, sırf praktiki baxımdan, hətta xəritəyə baxın, Ermənistan orada hansı yeri tutur, Türkiyə hansı yeri tutur. Sadəcə olaraq, iki ölkənin hərbi potensialını, demoqrafik potensialını, iqtisadi potensialını müqayisə edib sonra Türkiyəyə qarşı ərazi iddiası irəli sürmək intihar etmək deməkdir. Yaxud, 2020-ci və 2023-cü illərin hadisələrindən sonra Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək də, ümumiyyətlə, intihara yaxındır. Ona görə də onlar öz ideologiyalarını, cəmiyyətdəki əhvali-ruhiyyəni dəyişməlidirlər. Bu, zaman tələb edir. Onlar revanşizm ideyalarından tamamilə imtina etməlidirlər və biz görürük ki, belə ideyalar təkcə müxalifətdə deyil, iqtidarda da var. Bütün bu məsələlər, təbii ki, aydınlaşdırılmalı və tənzimlənməlidir. Ancaq yenə də demək istəyirəm ki, biz sülh sazişinin bütün bəndlərinin BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq razılaşdırılması istiqamətində konstruktiv işə sadiqik”.

İlham Əliyev Azərbaycanın hərbi sahədə qazandığı qələbələrin Avropada qısqanclıqla qarşılanmasından da danışıb:

“İkinci Qarabağ müharibəsindən və xüsusilə keçən ilin antiterror əməliyyatından sonra bəzi Avropa ölkələri bizə qarşı əsassız və vicdansız hücumlara başlayıb. Azərbaycanı ləkələmək, bizim işimizə kölgə salmaq, ağa qara, qaraya ağ demək, işğalçını dəstəkləmək, işğala məruz qalanları isə ləkələmək Avropa İttifaqının bəzi üzv ölkələri üçün həyat tərzinə çevrilib. Bunun təməlində heç də beynəlxalq hüququn normaları deyil, şəxsi xəstə ambisiyalar dayanır. Əfsuslar olsun ki, Avropada xüsusi yerə malik olmaq üçün can atan bəzi ölkələr anti-Azərbaycan qruplaşmanı da yarada bilmişlər. Avropa İttifaqına üzv olan ən azı üç ölkə bu gün Azərbaycana qarşı soyuq müharibə elan edib. Onların adları bəllidir”.

Dövlət başçısı Macarıstanın Avropa qurumlarında Azərbaycanı müdafiə etməsini yüksək qiymətləndirib:

“Macarıstan burada təkcə öz dostunu müdafiə etmir, haqqı, ədaləti müdafiə edir. Mən Avropadan gələn qonaqlara dəfələrlə demişəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, o ərazi bütövlüyünü ki, siz də onu tanımısınız, bütün dünya da tanıyıb. O ərazi bütövlüyünü ki, BMT Təhlükəsizlik Şurası işğala son qoyulması üçün 4 qətnamə qəbul edib. Ancaq BMT bir şey edə bilmədi, Avropa İttifaqı bir şey etmək istəmədi, ATƏT və onun Minsk qrupu faktiki olaraq işğalçı Ermənistanın əlində bir anti-Azərbaycan alətə çevrilmişdi. Biz 28 il gözlədik. Biz sülh yolu ilə bunu həll etmək istədik. Amma biz gördük ki, bizə qarşı çıxanlar bu işğalı əbədi etmək istəyirlər. Onlar Ermənistandan Cənubi Qafqazda bir alət kimi istifadə etmək istəyirdilər ki, Ermənistan bütün qonşularına qarşı hücumlara keçsin. Biz haqqı bərpa etdik, öz ərazi bütövlüyümüzü müdafiə etdik, suverenliyimizi bərpa etdik. Yəni Macarıstan buna görə bizi müdafiə edir. Azərbaycan olmasın, istənilən başqa ölkə olsun, əgər o, haqq yolundadırsa, əminəm ki, bugünkü Macarıstan Hökuməti onun yanında olacaq”.