Erməni plagiatı

Ermənilərin oğurladığı “Yarımgilə” - Məsələ həll olundu

Ermənilərin oğurladığı “Yarımgilə” - Məsələ həll olundu
26Avqust 202415:19

Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin “Yarımgilə” adlı mahnısının erməni ifaçı Minas Ovanesyan (Mino) tərəfindən mənimsənilməsi aradan qaldırılıb. 

Azlist.az xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyindən bildirilib.

Məlumata görə, musiqisi Cavanşir Quliyevə məxsus, sözləri bayatılardan ibarət olan “Yarımgilə” adlı mahnının sözləri erməni ifaçı Minas Ovanesyan (Mino) tərəfindən dəyişdirilərək “Xrovel e im yare” adı ilə ifa edilmiş və “Youtube” platformasında yerləşdirilmişdi. 

Bununla əlaqədar Əqli Mülkiyyət Agentliyi tərəfindən 2024-cü il 2 avqust tarixində geniş məlumat yayılıb və bu halın aradan qaldılıması ilə bağlı tədbirlərin həyata keçirilməsinə başlanılıb. 

Bəstəkarın rəqəmsal şəbəkələrdə əmlak hüquqlarının idarəçiliyini həyata keçirən “Mikpro” MMC cəlb edilməklə Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Cavanşir Quliyevin müəllif hüquqlarının pozulmasına səbəb olan erməni ifaçı Minas Ovanesyanın (Mino) ifa etdiyi “Xrovel e im yare” adlı mahnı “Youtube” platformasında yerləşdirilmiş 5 (beş) səhifədən silinib. 

Bununla da “Yarımgilə” adlı mahnının musiqisinin müəllif hüquqlarının pozulması “Youtube” rəhbərliyi tərəfindən öz təsdiqini tapıb və azərbaycanlı bəstəkarın pozulmuş hüquqları bərpa edilib.