Prezident sülh müqaviləsinin iki şərtini AÇIQLADI
“Erməni həmkarımla uzun diskussiya zamanı müzakirə etdiyimiz mövzulardan biri də tərəflər arasında etimadın çox aşağı səviyyədə olması idi. Bu, tamamilə başadüşüləndir. Bizə gəlincə, mövqeyimiz heç vaxt dəyişməyib. 2003-cü ildə “Qarabağ bizim torpağımızdır!” dediyim kimi, bu 22 il ərzində də bunu demişəm və deyirəm. Amma ermənilərin mövqeyi dəyişib. Onun yenidən dəyişməyəcəyi ilə bağlı təminat varmı? Belə bir zəmanət var? Etimologiyanı, şüurun təkamülünü nəzərə alsaq, mənim belə bir təminatım yoxdur. Beynəlxalq hüququn normaları və Əbu-Dabidə dediyim kimi, separatçılığın tabutunun üzərini dəmir-betonla qapadacaq sənədlər zəmanət olmalıdır”.
Azlist.az xəbər verir ki, bunu iyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumundakı çıxışı zamanı deyib.
İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasının əsas iki şərtini bir daha təkrarlayıb:
“Əgər erməni tərəfi Qarabağ münaqişəsinin bitdiyini hesab edirsə, Qarabağ münaqişəsinin həlli üçün yaradılmış Minsk qrupunu ləğv etmək lazımdır. Məntiq sadədir. Bunun üçün Ermənistan konstitusiyasına dəyişikliklər edilməlidir ki, oradan Azərbaycana qarşı ərazi iddialarının yer aldığı müstəqillik bəyannaməsi çıxarılsın. Prinsipcə məsələ budur. Buna görə də sülh sazişinin mətni razılaşdırılıb. Bu sənədin paraflanması ideyası da Azərbaycan tərəfindən irəli sürülüb. Biz sadəcə olaraq, Əbu-Dabidə baş verənləri şərh etmədik. Fikirləşdik ki, kommünikenin birgə mətni üzərində razılığa gəldiyimiz üçün şərh ediləcək heç nə yoxdur. Amma erməni tərəfi həmişə olduğu kimi, öz şərhləri ilə təfərrüatları ortaya qoymağa çalışır. Prinsipcə, dediyim kimi, biz tabutun üzərini dəmir-betonla qapatmaqdan və bundan sonra normal yaşamaqdan uzaqda deyilik. Mən bunu əvvəlki görüşlərdə də demişəm: siz öz həyatınızı yaşayın, biz də öz həyatımızı yaşayaq. Ancaq belə olan təqdirdə Cənubi Qafqazda az-çox məqbul situasiya tədricən yarana bilər ki, üç ölkə nəhayət, heç olmasa, hər hansı əməkdaşlıq imkanlarını müzakirə etməyə başlaya bilsin”.
Prezident Zəngəzur dəhlizi ilə bağlı ABŞ-dan təkliflər daxil olduğu barədə sualı da cavablandırıb:
“Amerika şirkətinin Zəngəzur dəhlizini bir növ icarəyə götürməsi ilə bağlı suala gəldikdə bu, Ermənistan rəhbərliyinə ünvanlanmalıdır. Bizim ərazidə heç bir operator, heç bir ticarətçi, heç bir icarədar ola bilməz. Ermənistan nə etmək istəyir? Onlar çox şey edə bilərlər, mənim bundan xəbərim yoxdur. Onlar artıq dırnaqarası “Avropa müşahidəçiləri”ni də sərhədə dəvət ediblər. Onlar sərhəddəki peşəkar casuslardır və İrana qarşı casusluq fəaliyyəti aparırlar. Xüsusilə də bu son İran-İsrail münaqişəsi zamanı onlar İran sərhədi boyu hərəkət edirlər. Düzdür, onlar binokl vasitəsilə bizə də baxırlar, ancaq biz də öz ərazimizdən onları izləyirik. Sabah Ermənistan istənilən ölkəni, tərəfi də dəvət edə bilər. Bizim üçün isə ən başlıca məsələ odur ki, - mən Əbu-Dabidə həmkarıma dedim, - bizim Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçidimiz olmalıdır. Bu, Azərbaycanın bir bölgəsindən ölkənin digər bölgəsinə keçiddir. Bizim yüklər və bizim vətəndaşlar, Azərbaycan vətəndaşları hər dəfə orada sərhədçi erməninin simasını görməli deyil. Budur bizim tələbimiz. Bu, legitim tələbdir, bu, ədalətli tələbdir. Əks təqdirdə bizim vətəndaşlarımız təhlükə altında olacaqdır. Mən yaxşı xatırlayıram, sovet dövründə qatar Bakıdan Naxçıvana hərəkət edərkən məhz Ermənistan ərazisindən Zəngəzurdan keçən bir hissədə qatara daş atılırdı, nəticədə qatarın pəncərələri qırılırdı. Biz bunu çox yaxşı xatırlayırıq və bu, sovet dövrü idi. Bu nizam-intizam və cəza mexanizmlərinin hökm sürdüyü bir dövrdür. Bu gün biz vətəndaşlarımızı riskə ata bilmərik. Ona görə orada heç bir fiziki təmas olmalı deyil və onlar üçün təminatlı tədbirlər həyata keçirilməlidir ki, insanlar və yüklər təhlükəsiz şəkildə hərəkət etsin. Bu, legitim tələbdir”.
İlham Əliyev xatırladıb ki, Ermənistanla sülh müqaviləsinin mətni artıq razılaşdırılıb:
“Yeri gəlmişkən, prosesin əvvəlinə qayıtdıqda onu qeyd etməliyəm ki, məhz Azərbaycan sülh prosesinin təşəbbüskarı olmuşdur. İkinci Qarabağ müharibəsi bitdikdən sonra Minsk qrupunun üçlüyü hələ də çalışırdı, Bakıya səfər edirdi. Mən o zaman gördüm ki, onlar nə edəcəklərini bilmirlər və onlar mənə sual verəndə dedim ki, biz Ermənistanla sülh sazişi üzərində işləməliyik. O zaman müharibə bitmişdi və bir boşluq var idi. Mən təklif etdim ki, bir proses başlansın. Ona görə də biz sülh sazişinin mətnini hazırladıq və onu Ermənistana göndərdik. Onların müxtəlif şərtləri var idi və iki il ərzində heç bir irəliləyiş yox idi. Başlıca səbəb o idi ki, Ermənistan tərəfi həmin sülh sazişinin mətninə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini daxil etmək istəyirdi. Biz onlara dedik ki, baxın, birincisi, “Dağlıq Qarabağ” sizin təxəyyülünüzdə mövcuddur, bu, reallıqda mövcud deyil. Bu, Azərbaycanın bir parçasıdır və sülh müqaviləsinin mətninə daxili siyasətimizə aid olan bir məsələ daxil edilə bilməz. Bu müzakirə iki il sürdü və heç bir irəliləyiş olmadı. Bu əraziləri sentyabrda biz azad edəndən sonra, yalnız o zaman Ermənistan artıq bunun üzərində israr etmədi, çünki artıq bu mövzu bağlı idi. Yəni, nəyin üzərində israr edəcəksiniz? Yəni, demək olar ki, 2024-cü ilin yanvarında real danışıqlar başlanıldı və bizim hazırladığımız layihənin mətni üzərində iş getdi və o mətn razılaşdırıldı. Bundan sonra iki bəndi Ermənistan tərəfi əlavə etmək istəmirdi, ancaq Prezident Tramp qalib gələn kimi onlar o iki müddəanı əlavə elədilər. Mən cənab Paşinyana dedim ki, siz yəqin ümid edirdiniz ki, xanım Harris qalib gələcək və ağ at üzərində olacaqsınız. Ancaq bu, baş vermədi. Mən buna tamamilə əminəm ki, Tramp qalib olmasaydı, onlar bununla razılaşmayacaqdılar. Onlar layiq olduqlarından da, həzm edə biləcəklərindən də daha çox parça qoparmaq istəyirdilər. Bu gün artıq onlar həmin o iki bənd üzərində israr etmirlər.
Bu gün də qeyd etdiyim kimi, bu iki məsələ, - Ermənistan konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılması, - həll edilən kimi sülh müqaviləsi imzalana bilər. Bəli, mətn paraflana bilər və Azərbaycan tərəfi artıq Əbu-Dabidə bu təkliflə çıxış edib. Lakin bildiyiniz kimi, paraflanma heç də imzalanma demək deyil. Yəni, biri var ki, tərəflər arasında şifahi razılıq əldə olunur, biri də var ki, tərəflər sənədin hər səhifəsinin sonunda öz imzalarını qoyaraq onu paraflayır. Məncə, biz sülh müqaviləsinin imzalanmasına çox yaxınıq. Hesab edirəm ki, bu proses geridönməz xarakter alıb. Bunun hər hansı bir yenidən baxılması, yenidən baş verməsi mümkün deyil. Biz heç nəyi yenidən müzakirə etməyəcəyik. Ancaq Ermənistan yenidən müzakirəyə başlamağa çalışırsa, o deməkdir ki, onlar sülh istəmirlər. Deməli, o ərazi iddiası qalır. Ona görə də biz düzgün istiqamətdəyik. Onlar öz ev tapşırıqlarını yerinə yetirməlidirlər. Bu baş verdiyi halda biz sülh müqaviləsini imzalaya bilərik. Bu da region üçün çox böyük yenilik, çox böyük dəyişiklik olacaq və biz artıq bu haqda danışdıq.
Cənubi Qafqaz sabitlik məkanı olacaq. Bizə sabitlik, təhlükəsizlik lazımdır. Çünki Cənubi Qafqaz əsrlər boyu qan tökülməsi, toqquşma, işğal məkanı olmuşdur və Qafqaz xalqları çox əziyyət çəkiblər. Ona görə də kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq”.