Ermənilərin siyasi plagiatina dair bəzi QEYDLƏR
Ermənilərin tarixən dövlətçilik ənənələri olmayıb. Köç edib yaşadıqları ərazilərdə yerli xalqlardan mənimsədikləri ənənələrin özlərinə xas olduğu iddiası ilə zəhlə tökmələri 19-cu əsrin sonlarından başlayır. O zamandan ki, ilk siyasi partiyalarını yaradırlar, dövlətləri olan xalqların cərgəsində özlərini də görməyə çalışırlar.
Onların kulturoloji plagiatları ilə yanaşı, siyasi plagiatları ayrıca mövzu ola bilər. Tarixçilərdən xahiş edirəm bu barədə dərin araşdırmalar aparsınlar.
Biri bu yaxınlarda diqqətimi çəkmişdi, haqqında yazmışdım da: biz zaman-zaman Türkiyə ilə münasibətlərimizi "Bir millət, iki dövlət" ifadəsi ilə təqdim etmişik, onlar da bizə baxıb Fransa ilə münasibətlərini bu yaxınlarda "İki millət, bir sivilizasiya” deyə dünyaya sırımağa çalışdılar. “Sivilizasiya”ları Qarabağdakı vəhşiliklərdən bəlli.
Başqa birisi erməni “genosidi” ilə bağlıdır. İnternetdə ha çalışdım bu “genosid”ə aid tədbirlərin nə zamandan başladığına dair hansısa bir məlumat oxuyum (axtarışı ingiliscə vermişdim), ciddi bir şeyə rast gəlmədim.
Təkcə bir Vikipediya məlumatı diqqətimi çəkdi. İngiliscədən tərcüməsi: “24 aprel erməni ziyalılarının 1915-ci il aprelin 24-də Konstantinipoldan (indiki İstanbul) deportasiya edildiyi xatirə günüdür. Bu, erməni genosidindən xilas olmuş bir qrup şəxsin təşkilatçılığı ilə 1919-cu ildə İstanbulda yerləşən Müqəddəs Üçlük Erməni Kilsəsində ilk dəfə bir tədbirlə qeyd olunmuşdur. Tədbirdə erməni icmasının xeyli tanınmış simaları iştirak etmişlər. 1919-cu ildəki ilk belə tədbirdən sonra həmin tarix hər il qeyd olunan erməni genosidinə dair xatirə günüdür”.
Vikipediya qeydlərində həmin tədbirin rəsmən necə adlandırılması (genosid, yoxsa başqa adla) yoxdur.
Həmin o ilk xatirə tədbiri xeyli siyasi partiyaları olan ermənilər nəyə görə 1916-ci ildə deyil, 1917-ci ildə deyil, 1918-ci ildə də - dövlət ideologiyası millətçilik olan müstəqil Ermənistan Respublikasının zamanında belə! – deyil, məhz 1919-cu ildə keçirmişlər?
Çünki 1918-ci ildə Azərbaycan Cumhuriyyəti Azərbaycanlılara qarşı ermənilərin Bakıda və bölgələrimizdə 1918-ci ilin martında törətdikləri qırğınlarının təhqiqatını aparan bir komissiya yaratmışdı, məqsəd həm də törədilən vəhşiliklərin sənədləşdirilib dünyaya təqdim edilməsi idi.
Əslində, “erməni genosidi” ideyasına elə başlanğıcdan, 1919-cu ildə, özü də İstanbulda özləri haram qatmışlar. “Haram” deyəndə siyasi plagiatı nəzərdə tuturam .
Termin kimi isə bunun dəqiq olaraq nə zamandan siyasi gündəliyə salınmasına dair məlumatım yoxdur. Tarixçilər bilirlərsə, yazsınlar, bilək. Hər halda bu barədə ermənilər susurlar. Çox güman, plagiat olduğuna görə. Yəhudilərə qarşı törədilmiş Holokost-dan sonra ideyanı mənimsəmək istəmişlər deyə düşünürəm.
Erməni terrorunun tarixi bəllidir, 19-cu əsrin sonlarına gedib çıxır. Amma 20-ci əsrin 70-ci illərindən başlayaraq Avropa paytaxtlarında Türkiyə diplomatlarını qətlə yetirmələri, onların o zamankı yeni terror dalğasına aid ideya da, əslində, plagiatdan xali deyildi. Məqsədləri beynəlxalq ictimaiyyətin diqqətini türklərin 1915-ci ildə törətdiyi “genosid”ə cəlb etmək idi.
Eynən 1960-cı illərin ikinci yarısında təşəkkül tapmağa başlamış Fələstin müqavimət hərəkatının həyata keçirdiyi bəzi əməliyyatlar kimi. Fələstinlilərin ideoloji proqramında mübarizə üsulu o zaman silahlı partizan əməliyyatları idi, bu əməliyyatlardan biri terror əməliyyatı (İsrail futbolçularının uçduğu təyyarənin qaçırılması) olmuşdu. Fələstinlilərin məqsədi dünya ictimaiyyətinin diqqətini həll edilməmiş qalan problemlərinə diqqət çəkmək idi. Sovetlərin keyfini çıxaran ermənilərin xaricdəki diasporu fələstinliləri yamsılamaq istəmişdilər, özü də özlərinə xas olaraq daha qəddar şəkildə. Yəni ermənilərin ən iyrənc ideyanı belə plagiat etmələri də var.
Nəriman Qaslmoğlu