Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır.
Azlist.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən Nazirlər görüşündə bildirib.
Bunun utancverici və iyrənc hərəkət olduğunu deyən dövlətimizin başçısı qeyd edib:
“Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik”.
Prezident İlham Əliyev Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməli olduğunu da diqqətə çatdırıb.
"Fransada, xüsusilə də mediada və internetdə müəyyən etnik azlıqlara qarşı davamlı və geniş şəkildə yayılmış irqçi, ayrı-seçkilik salan fikirlər, rəsmi şəxslər və parlamentin iki palatasının üzvləri tərəfindən irqi nifrət xarakterli çıxışlar getdikcə artmaqdadır", - Prezident çıxışında bildirib.
Dövlət başçısı əlavə edib: “Əcdadları müstəmləkə siyasətinə məruz qalmış, qul kimi istifadə olunmuş, öldürülmüş, işgəncələr verilmiş və alçaldılmış insanlardan milyonlarla insanın qarşısında üzr istənilməsi yalnız Fransanın tarixi günahının etirafı olmayacaq, həm də Fransanın əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra qarşılaşdığı dərin siyasi, sosial və humanitar böhranın nəticələrini aradan qaldırılmasına kömək edəcək”.