Qarabağ

Tərəkəmə elinin ŞƏHİDİ

Tərəkəmə elinin ŞƏHİDİ
25Sentyabr 202214:24

Bəşər övladı yer üzündə mövcud olduğu ilk günlərdən xeyirlə şərin, yaxşılıqla yamanlığın ölüm-dirim savaşına şahidlik etməkdədir. Düzdür, bu amansız mübarizədə adətən sonda qalib tərəf haqq uğrunda mübarizə aparanlar olsa da, şeytan xislətli zümrənin günahı ucbatından günahsız insanların qanlarına qəltan edildiklərini də ya kitablardan oxumuş, ya da öz gözlərimizlə görmüşük. Görəsən niyə Ulu Tanrı insanların bir qismini xeyirxah, əməli saleh, haqqa tapınan, əks tərəfdə dayanan kəsimini isə acgöz, davakar, özgəsinə məxsus olan hər şeyi (torpağı, əmlakı, xoşbəxtliyi, halallıqla əldə olunan qazancı) ələ keçirmək üçün qana həris şeytan xislətində yaradıb? Bir dəfə Fərid orta məktəbdə ona dərs deyən ədəbiyyat müəllimindən bu barədə soruşanda, bilikli və vətənpərvər pedaqoq kimi tanınan həmin şəxs mövzu ilə bağlı xeyli ibrətamiz misallar çəkmiş, sonda türk şairi Tofiq Fikrətin “Millət şərqisi” adlı şeirinin bir beyti ilə də suala aydınlıq gətirmişdi:

Zülmün topu var, gülləsi var, qələsi varsa

Haqqın da bükülməz qolu, dönməz üzü vardır...

Ağır elli Böyük Mərcanlı kəndində 4 oktyabr 1989-cu ildə dünyaya göz açan Hacıyev Fərid Təşkilat oğlu uzaq əsrlərdən bəri yaxın-uzaq bölgələrdə mərd-igid və səxavətli tərəkəmə camaatı kimi tanınan ata yurdunu məcburən tərk edəndə dörd yaşı vardı. Sonralar əzablı-məşəqqətli köçkünlük həyatının nə qədər ağır olduğunu dərk etdikcə, haldan-hala düşür, kökü-soyu, əzəli yurdu-məkanı bilinməyən nankor qonşularımıza nifrət hissi gündən-günə artıb çoxalırdı. Yeniyetməlik çağları köçkünlüyün ilk vaxtlarında əvvəlcə darısqal çadır “evcik”də, sonrakı vaxtlarda isə çoxları kimi, atasının da çiy kərpicdən tikdiyi torpaq döşəməli daxmada keçmişdi. İllər sonrası Biləsuvar rayonu ərazisində inşa edilən 4 saylı köçkün qəsəbəsindəki evlərində həyat şəraitləri nisbətən yaxşılaşsa da, qərib eldə məcburən yaşamağı qüruruna sığışdıra bilmirdi...

Fərid orta məktəbdə oxuduğu illərdən qabiliyyəti və bacarığı ilə fərqlənirdi. Elmə, təhsilə və idmana olan marağı çoxlarında qibtə hissi oyadırdı. İsmayıl Quliyev adına 4 saylı məktəbin “Cəsurlar və çeviklər”, “Şahinlər” hərbi idman oyunları komandasının ən fəal üzvü kimi çevikliyi və bacarığı ilə hamının sevimlisi idi. 2005-ci ildə-orta məktəbin məzunu olduğu vaxtdan bir il qabaq-Şirvan şəhərində “Şahin” hərbi idman oyunları üzrə ayrı-ayrı rayon məktəblərinin iştirak etdiyi zona yarışında kapitanı olduğu komanda ilə 14 idman kollektivi arasında mükafata layiq dördüncü yeri tutmuşdu. 2006-cı ilin oktyabr ayından 2008-ci ilin aprel ayına kimi əsgəri xidmətdə olmuş, ordu sıralarından tərxis olunandan sonra könüllü olaraq Daxili Qoşunların “N” saylı hərbi hissəsində müddətdən artıq xidmət etdiyi vaxtlarda cəsur kəşfiyyatçı kimi tanınmışdı. 2016-cı ilin Aprel döyüşlərində xüsusi fəallıq nümayiş etdirməsi də komandirlərini və əsgər yoldaşlarını çox məmnun etmişdi... Həyatda ən müqəddəs arzularından biri cənnət timsallı Qarabağı-onun bir parçası olan ata eli Cəbrayılı ələ keçirib qürrələnən düşməndən şəhidlərimizin qisasını alıb, zəbt olunmuş torpaqlarımızı xilas etmək idi. Zaman-zaman “Ohanyan” istehkamlarının keçilməzliyi ilə öyünüb, erməni əsgərlərinin dırnaqarası hünərindən bəhs edən mənfur düşmənin gec-tez diz üstə çökəcəyinə ürəkdən inanırdı. Əsgər yoldaşları ilə söhbətləşəndə adətən:– Yalan ayaq açsa da, sürünməyə məhkumdur, düşməndən alınası qisası qiyamət gününə saxlasaq, gələcək nəsillər bizi bağışlamaz-deyidi. Belə bir ruh-əqidə sahibi idi Fərid...

Nəhayət, 2020-ci ilin sentyabr ayının 27-də illərdən bəri arzusunda olduğu məqam gəlib çatdı. Həmin gün düşmənin növbəti təxribatının qarşısını almaq istəyi ilə cəngə-savaşa qatılan ərənlərimizin sırasında Fərid də nəyə qadir olduğunu nümayiş etdirmək fürsəti əldə etdi. Füzuli rayonunun 27 ildən bəri işğala məruz qalan yaşayış məntəqələrinin yağıların tapdağından xilas edilməsi naminə döyüşlərə qatılan Fərid Hacıyev, ölümündən qabaq düşməndən şəhidlərimizin qisasını aldı. Şəhidlik zirvəsinə qalxmazdan qabaq cəbhənin Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərin ilk günündə doğulduğu Böyük Mərcanlı kəndininin də düşməndən azad edildiyini eşidəndə sevinci yerə-göyə sığmamışdı. Qırx dörd günlük II Qarabağ Müharibəsində Milli Ordumuzun əldə etdiyi möhtəşəm qələbəni gələcək nəsillər fəxarət hissiylə yad edəcəklər. Və qanlı-qadalı döyüşlərdə canlarını Vətən yolunda qurban verən oğulların hünəri qəhrəmanlıq dastanına çevrilərək xalqımıza həmişə baş ucalığı gətirəcəkdir. Bu dastanda adları yer alan şəhid və qazilərimizin yenilməzliyi barədə hər dəfə söz düşəndə, qarı düşmənə qan udduran cəsur əsgər və zabitlərimizin adları sırasında şəhid Hacıyev Fərid Təşkilat oğlunun da mübarək ismi qürur hissiylə çəkiləcəkdir, elə aşağıda onun hünərindən söz açanların dedikləri ürək sözlərində olduğu kimi:

Agakisiyev Cəlal Əlövsət oğlu: – Mən igid və cəsur bir insandan sizə dansmaq istəyirəm. Hacıyev Fərid Təskilat oğlu ilə usaqlıq çağlarımız bir yerdə kecib. Onun haqqında bir çox xatirələrim var. Sadəcə olaraq desəm, Fərid çox gozəl dost, ailəcanli, vətənpərvər, qorxunun nə olduğunu heç eyninə belə gətirməyən oğlan idi. Hərbçi olmaq arzusunu yeniyetməlik illərindən dilinə gətirmişdi. Həddən artıq ürəkli, cəsarətli, mehriban bir insan kimi tanınırdı. Torpaqlarımızın düsməndən azad edilməyi naminə hər an ölümə hazır idi və sonda bu istəklə də şəhadətinə qovuşdu. Allah ona qəni-qəni rəhmət eləsin!

Fəridin hərbi hazırlıq müəllimi Bayram Behbudov: – Əslində şəhidlər haqda danışmaq həm çətin, həm də qürurvericidir. Mən Fəridin müəllimi kimi, onu deyə bilərəm ki, o, özünəməxsus bir gənc idi. Həm çılğın, həm də fiziki cəhətdən çox hazırlıqlıydı. Yaxşı yadımdadır, məktəbimiz “Şahin” hərbi idman oyunlarına hazırlaşırdı. Seçilən şagirdlərin içərisində Fərid də var idi. O, bəstəboy olduğuna baxmayaraq məndən xahiş etdi ki, icazə verin qrup komandiri olum. Arzusunu və çevikliyini nəzərə alaraq, istəyinə əməl etdim. Bu gün fəxarət hissiylə xatırlayıram ki, yarışlarda o, həmişə özünü əsl komandir kimi aparırdı. Sən demə, Fəridin gənc yaşlarından qəlbində vətən sevgisi varmış. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Döyüşçü yoldaşının dedikləri: – Fərid 2014-cü ildən Beyləqanın Daşburun qəsəbəsində yerləşən «N» sayli hərbi hissədə əvvəlcə sürücü işləyib. Sonra 2016-cı ildə Füzuli rayonunun Əbdurrəhmanlı kəndində xidmətdə olub. Lələtəpə uğrunda gedən döyüşlərdə könüllü şəkildə iştirak edib. Yaralıların döyüş meydanından çıxarılmasında fəallıq göstərib. Dəfələrlə düşmən atəşinə məruz qalıb. Hətta bir dəfə idarə etdiyi hərbi maşın mərmi ilə vurulub. Maşın yararsiz hala düşsə də, özü sağ-salamat qala bilib. II Qarabağ Savaşı başlayan kimi Füzuli rayonunun Alxanli kəndində düşmənin keçilməz hesab etdiyi istehkamın ələ keçirilməsi uğrunda gedən qanlı döyüşlərin birində də şəhid olub...

Yaxın qohumu Məhəmməd Quliyevin dedikləri: – Fəridlə mən əmioğlu idim. O, əsgəri xidmətə məndən qabaq başlamışdı. 20122016-cı illərdə əsgərlikdə sürücü işləyib və Aprel döyüşlərinin fəal iştirakçısı olub. Maşını ilə ən çətin mövqelərə qorxmadan gedirdi. Vətən müharibəsinin başlanmasına təxminən iki ay qalmış təlimlər başladı. Həmin vaxt Fərid sürücülükdən öz istəyi ilə çıxıb təlimlərə qatıldı və iki-üç ay ərzində peşəkar qumbaraatan kimi ixtisaslaşdı.

Məmmədov Əli Xəlil oğlunun dediklərindən: – Fərid mənim sevimli dostlarımdan biri idi. Kənddəki evlərimiz bir-birinin qonşuluğunda olduğundan, uşaqlıqdan bir-birimizə ürəkdən bağlı idik. Bizim kimi onların da halal çörəyi daş altdan çıxırdı. Ata-anası çox mehriban və qayğıkeşdilər. Köçkünlük illərində də tez-tez görüşürdük. Rəhmətlik məqamı çatanda Qarabağın xilası naminə vətəndən can borcunu əsirgəmədi. Milyonlarla insanın “Qarabağ Azərbaycandır!”, – deyibən arzuladığı kimi Qarabağ yenidən ana Vətənimizin vüsalına qovuşdu. Bu sevinci xalqımıza bəxş edənlər dən biri də tərəkəmə elimizin sevimli övladı Fərid Hacıyevdir!.. ...

44 gün ərzində “Dəmir Yumruq”la düşmənin başını əzən əsgər və zabitlərimizin timsalında qazanılan Zəfərdə şəhid eloğlum Fəridin də özünəməxsus payı var. II Qarabağ Savaşından iki gün qabaq, sentyabrın 25-də qəlbimin ən dərin qatlarından misra-misra süzülüb gələn aşağıdakı şerimdə yazdığım kimi:

Ana, Vətən sözünün mənası çox dərindir,

Yurdu qorumaq haqqı onu sevənlərindir.

Qollarını geniş aç, bağrına bas torpağı,

Qaldır başının üstə dalğalandır bayrağı.

Bircə göz qırpımında keç arandan, dağı aş,

Dünya görsün müqəddəs bir savaşdır bu savaş!

Sinəni sipər eylə, çevril qala bürcünə,

Arxalan el-obanın yenilməyən gücünə.

Qisas günü “hay”lara aman vermə bircə an,

Dilində şüar olsun- “ölümə-ölüm, qana-qan”...

Yurduma gəc baxanlar qoy bilsinlər həddini,

Çək əzəlki səmtinə Vətənin sərhəddini.

Yadları vahiməyə salsın zəhmin-inadın,

Ya Şəhid ol, ya Qazi, dillərdə gəzsin adın.

Qoyma bu yadellilər bizi bir də haqlasın,

Dönək əzəli yurda, yaramız qaysaqlasın...

Zəfərin düşmənlərin ağır dərd yükü olsun,

Qarabağ bizim idi, yenə bizimki olsun!

3 saylı Cəbrayıl qəsəbə qəbiristanının şəhid məzarlığında dəfn edilən Fərid Hacıyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad edilməsinə görə” və “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif olunub. Elimizin-obamızın cəsur, vətənpərvər şəhid balası Fərid Hacıyev otuz bir il qabaq çoxuşaqlı bir ailədə doğulmuşdu. İndi onun yarımçıq qalmış ömrünün davamını vətənimizə əmanət qalan bir cüt oğlu-Eşqinlə Əli yaşayacaqlar. Şəhid övladı olmaq şərəfli, qürurvericidir. Allah hər ikisini min budaqlı eləsin, Amin!

İsmayıl İmanzadə
Tariyel Abbaslı