İlham Əliyevlə Nikol Paşinyan beynəlxalq mükafat aldılar
Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib.
Azlist.az xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Prezident İlham Əliyevə və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyana "Zayed İnsan Qardaşlığı Mükafatı" verilib.
Azərbaycan və Ermənistan liderləri iki ölkə arasında sülh yaratma səylərinə görə bu mükafata layiq görülüblər.
İlham Əliyev deyib ki, sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir:
"Biz 30 ildən artıq müddətdə müharibə şəraitində olmuşuq. İndi isə artıq altı aydır ki, sülh şəraitində yaşayırıq".
"Biz sülh şəraitində yaşamağı öyrənirik. Sizə deyə bilərəm ki, bu, xüsusi bir hissdir. Biz müstəqillik qazanandan eütibarən, heç vaxt sülh şəraitində yaşamamışıq. Biz bunu sürətlə öyrənirik", - İlham Əliyev əlavə edib.
Prezident İlham Əliyev deyib ki, o, ermənistanlı həmkarı ilə irəliyə doğru necə getməli olduqlarını müzakirə edib və onların nümunəsi münaqişə içində olanar üçün yol xəritəsi ola bilər.
Nikol Paşinyan deyib ki, onlar inanılmaz nailliyyət əldə ediblər.
"Bu mükafatın verilməsi onun təsdiqidir ki, Ermənistan və Azərbaycan münaqişəni geridə qoyublar. Əgər aramızda əməkdaşlıq olmasaydı, həm Azərbaycan Prezidenti, həm də mənim üçün bura gəlmək və mükafatı qəbul etmək mənasız olardı", - o bildirib.
Daha sonra “Zayed İnsan Qardaşlığı Mükafatı”nın digər laureatları - əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı Zarqa Yaftalı və “Taavon” Fələstin təşkilatı adından Nabil Qaddumi çıxış ediblər.
Sonda Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevə və digər laureatlara “Zayed İnsan Qardaşlığı Mükafatı”nı təqdim edib.