III Sektor

Süni intellektin yaratdığı əsərlər - müəllif kimdir?

Süni intellektin yaratdığı əsərlər - müəllif kimdir?
8İyun 202614:21

Süni intellekt (Sİ) – artıq həyatımızın hər sahəsinə daxil olmaqdadır. Bu gün  əksəriyyətimiz dost kimi ChatGPT ilə  məsləhətləşir, bir çox məsələnin şərhini ondan istəyirik. Çoxları “Gemini” ilə evini dizayn edir, şəkillərini filtrləyir, “Canva” ilə video montaj edir, sosial media postları hazırlayır. Spotify və YouTube-un alqoritmləri isə istifadəçilərin maraqlarına uyğun musiqi və videolar təklif edir. Hətta ChatGPT və digər Sİ köməkçiləri proqramlaşdırma, yazı redaktəsi, biznes planların hazırlanması və təhsil materiallarının izahında da geniş şəkildə istifadə olunur. Beləliklə, süni intellekt artıq yalnız texnoloji bir yenilik deyil, gündəlik həyatımızın ayrılmaz bir “rəqəmsal köməkçisi”nə çevrilib. 

Bu assistentlər işimizi xeyli asanlaşdırsada, bəzi məsələlərdə problemlər də yaradıb. Belə ki, mətn yazan, şəkil çəkən, musiqi bəstələyən və hətta video hazırlayan Sİ sistemləri müəllif hüquqları sahəsində ciddi hüquqi və etik suallar ortaya çıxarır. 

Süni intellekt - ayrıca müəllifdirmi? 

Ən əsas sual budur: süni intellekt tərəfindən yaradılan əsərin müəllifi kimdir? Daha da vacibi, bu sistemlər hansı məlumatlar əsasında öyrədilir və həmin məlumatların müəlliflərinin hüquqları necə qorunur? Axı Sİ sistemləri nəyisə yaratmaq üçün milyonlarla şəkil, mətn və musiqi nümunələrini öyrənir, onların əsasında yeni əsər yaradır. Bu zaman da “əsərin əsl müəllifi kimdir?” sualı aktuallaşır. Bu problem xüsusilə rəqəmsal incəsənət və dizayn sahəsində ciddi müzakirələrə səbəb olur. 

Müəllif hüququnun əsas prinsiplərindən biri - əsərin insan tərəfindən yaradılmasıdır. Sİ tərəfindən yaradılmış mətn, şəkil və ya musiqi nümunələrində insan müdaxiləsinin səviyyəsi müxtəlif ola bilər. Bu zaman ekspertlər müxtəlif yanaşmalar ortaya qoyurlar: 

* Müəllif istifadəçidir  - Bəzi hüquqşünaslar hesab edir ki, süni intellektə göstəriş verən şəxs əsərin müəllifi sayılmalıdır. Çünki nəticənin yaranmasına səbəb olan yaradıcılıq qərarlarını məhz istifadəçi verir.

* Müəllif proqram təminatını yaradan şirkətdir - bu fikir elə də geniş dəstək qazanmır.

*  Müəllif yoxdur – belə fikirlər də səslənir ki, bu cür əsərlərin müəllifini axtarmağına dəyməz. Bir çox ölkələrin mövcud qanunvericiliyi yalnız insanı müəllif kimi tanıyır. Bu səbəbdən tam avtomatik yaradılmış əsərlər müəllif hüququ ilə qorunmaya bilər.

Süni intellekt sistemləri bəzən təlim zamanı öyrəndikləri məzmunları tam və ya qismən təkrarlaya bilirlər. Bu isə plagiat riskini artırır. Məsələn, tanınmış rəssamın üslubuna çox bənzər şəkillər yaradıla bilər;  hansısa yazıçının kitablarından parçalar təsadüfən təkrarlana bilər; musiqi əsərlərində mövcud melodiyalara oxşarlıqlar yarana bilər. 

Mütəxəssislər müəllifin kimliyinə dair yekun bir qərara gələ bilmədiklərinə görə , hüquqi məsuliyyətin də kimə aid olduğunu dəqiqləşdirə bilmirlər. 

Sənətçilər nələr çəkir ?

Sənət sahəsində Sİ ilə bağlı daha kəskin mübahisələr aparılır. Minlərlə rəssam bildirir ki, onların əsərləri icazə alınmadan Sİ modellərinin təlim bazalarına daxil edilib. Nəticədə istifadəçilər həmin rəssamların üslubunu təqlid edən yeni şəkillər yarada bilirlər. Bu isə orijinal yaradıcılığın qiymətinin düşməsinə, müəlliflərin gəlirlərinin, bazar imkanlarının azalmasına səbəb olur. Bundan başqa, müəllifin üslubundan və reputasiyasından onun razılığı olmadan istifadəsi etik mübahisələr də yaradır.

Bu problemlər artıq təkcə rəssamları deyil, musiqiçiləri, aktyorları və digər məşhur şəxsləri də narahat edir. Son illərdə süni intellekt vasitəsilə yaradılan "deepfake" texnologiyaları geniş yayılıb. Bu texnologiyalar vasitəsilə insanların səsi, görüntüsü və davranışları yüksək dəqiqliklə təqlid olunur.

Məsələn, bir müddət əvvəl məşhur musiqiçilər Drake və The Weeknd-in səsi təqlid edilərək süni intellekt vasitəsilə hazırlanmış mahnı internetdə sürətlə yayılmışdı. Mahnı o qədər real səslənirdi ki, çoxları onun rəsmi buraxılış olduğunu düşünmüşdü.

Oxşar problemlər kino və TV sahəsində də müşahidə olunur. Məşhur aktyor Tom Kruzun sosial şəbəkələrdə yayılan bir sıra videolarının sonradan deepfake texnologiyası ilə hazırlandığı məlum olmuşdu. Cristiano Ronaldo, Lionel Messi, Keanu Reeves və digər tanınmış şəxslərin adından da saxta reklamlar, müsahibələr və görüntülər hazırlanaraq yayılıb. Bu isə həm şəxsi nüfuzun qorunması, həm də kommersiya hüquqları baxımından yeni problemlər yaradır.

Bir sözlə, Sİ yaradıcılığı  bütün dünyada hər kəsi çaş-baş salıb. Sənət dünyasında demək olar hər gün bununla bağlı hansısa qalmaqal yaşanır. Bir müddət əvvəl qonşu Türkiyənin pop ulduzu Mustafa Sandalın konsertində də oxşar problem yaşanmışdı. Konsertdə səhnəyə çıxan “Nikbinler” qrupunun solistinin mahnını canlı səs ilə oxumadığı və vokallarda süni intellekt texnologiyasından istifadə edildiyi iddia olunmuşdu. 

Türk ekspert: “Süni intellekt şirkətini məhkəməyə verməyə hazırlaşırıq” 

Türkiyənin Musiqi Əsərlərinin Sahiblərinin Peşə  Birliyinin (MESAM) sədr müavini Selim Çaldıran bizə müsahibəsində bildirib ki, süni intellekt hər bir xalqın mədəni irsinin bir parçası olan mahnları demək olar ki, olduğu kimi kopyalayır: “Musiqinin bütün elementlərini: keçidləri, notları, sözləri, hətta simli alətlərin səslərini və instrumental bazanı öz məlumat bazasına MP3 formatında daxil edir. Xüsusilə “SUNO” şirkəti bu sahədə ön sıradadır. Bəzən deyirlər ki, süni intellekt müəllif hüquqlarının pozmur. Lakin nəzərə almaq lazımdır ki, bu texnologiya əsərləri kopyalayıb yaradır. Bu addımlar isə sənətçilərin qazanclarına ciddi ziyan vurur. Hazırda bütün dünya bu məsələyə qarşı hüquqi addımlar atır. Biz də Türkiyə olaraq hüquqi addım atmağa hazırlaşırıq. Bəzi şirkətlər isə məhkəmə mərhələsinə çatmadan “SUNO” ilə razılaşma əldə ediblər. Bizim də məqsədimiz oxşardır — əgər Türkiyənin və ya qoruduğumuz əsərlərin istifadəsi üçün razılıq əldə edilərsə, məhkəmə prosesinə ehtiyac qalmaya bilər. Bu zaman müəllif hüquqlarından istifadə üçün məbləğ 300 milyon dollara qədər ola bilər". 

Elvin Abbasov: “Sİ hüquqları öyrənmə zamanı pozur” 

Rəqəmsal texnologiyalar üzrə ekspert  Elvin Abbasov hesab edir ki, Sİ texnologiyaları müəllif hüquqlarını əsər yaradanda deyil, mövcud əzərləri icazəsiz kopyalayıb öyrənəndə pozur: “Süni intellektin müəllif hüquqlarını pozması prosesi öyrənmə, təlim prosesində baş verir. Çünki Sİ kopyalamır, yeni əsərlər yaradır. Sadəcə özəl mənbələrdən icazə almadan onları öyrəndikdə müəllif hüquqlarını pozur. OpenAir, Google bu baxımdan hüquqları pozdu, açıq mülkiyyətdə olmayan əsərləri öyrəndi. Və əvəzində məhkəmədə uduzdu”.   

Dünyanın müxtəlif ölkələri süni intellekt və müəllif hüquqları sahəsində fərqli yanaşmalar nümayiş etdirirlər. Məsələn, ABŞ-də müəllif hüquqlarının qeydiyyatı ilə məşğul olan qurum bəyan edib ki, insan yaradıcılığı olmadan yaradılmış əsərlər müəllif hüququ ilə qorunmur. Avropa İttifaqı ölkələri və Böyük Britaniyada isə süni intellekt tərəfindən yaradılan əsərlərin hüquqi statusu ilə bağlı yeni modellər üzərində işlənilir. Süni intellekt sistemlərinin hansı məlumatlar əsasında təlim keçdiyi barədə məlumat verməsi istiqamətində tələblər formalaşır. 

Azərbaycanda rəsmi olaraq “2025-2028-ci illər üçün süni intellekt Strategiyası” qəbul edilib. İqtisadiyyat, dövlət idarəçiliyi, təhsil, infrastruktur və s. sahələri əhatə edən bu sənəddə “Süni intellekt haqqında” Qanunun qəbul edilməsi, Süni İntellekt Akademiyasının yaradılması barədə tapşırıqlar nəzərdə tutulur və təbii olaraq əqli mülkiyyət sahəsində qanunlarda da müvafiq dəyişikliklərin aparılmasını gündəmə gətirir.  

Mütəxəssislər problemin həlli üçün bir neçə istiqamət təklif edirlər: məsələn, müəlliflərin əsərlərinin süni intellekt təlimində istifadəsi üçün xüsusi lisenziyaların tətbiq olunsun. Süni intellekt şirkətlərinin müəlliflərə müəyyən ödənişlər etməsi də bu təkliflərdən biridir. Önəmli tələblərdən biri də şirkətlərin təlim məlumatlarının mənbələrini açıqlaması və rəqəmsal etiketləmə - süni intellekt tərəfindən yaradılan məzmunun xüsusi işarələrlə qeyd olunması ilə bağlıdır.  Təbii ki, mövcud müəllif hüquqları qanunlarının texnologiyanın inkişafına uyğun yenilənməsi də təklif olunur.

Ekspertlərin fikrincə, süni intellekt nə qədər inkişaf etsə də, insanı tam əvəz edə bilməyəcək. Çünki süni intellekt  insanın artıq yaradığı məlumatları təhlil edir, milyonlarla mənbədən öyrənərək nəticə çıxara bilir. Bununla belə, süni intellekt - insana xas olan emosiyalar, intuisiya, yaradıcılıq və mənəvi dəyərlərə malik deyil. İnsan yeni ideyalar yarada, fərqli yanaşmalar formalaşdıra bilir. İnsan həm də həyat təcrübəsinə güvənərək qərarlar qəbul edir. Süni intellekt isə yalnız ona təqdim olunan məlumatlar əsasında fəaliyyət göstərir.

Məhz buna görə də süni intellekt insanın rəqibi deyil, onun köməkçisi və imkanlarını genişləndirən texnoloji vasitə kimi qiymətləndirilməlidir. Yanaşı olaraq, müəllif hüquqlarının qorunması, etik normaların müəyyənləşdirilməsi və hüquqi mexanizmlərin təkmilləşdirilməsi də eyni dərəcədə vacib olaraq qalır.

Fidan Əli

p.s. Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Rəqəmsal məkanda əqli mülkiyyətə hörmət” layihəsi çərçivəsində hazırlanıb. Yazıda əks olunan fikir və mülahizələr Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.