Agentlik QHT-lərlə müzakirə apardı
"Ətraf mühitin və əhalinin sağlamlığının qorunması, narkomaniya ilə mübarizə məsələləri" sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatları ilə onlayn görüş keçirilib.
Azlist.az xəbər verir ki, görüşdə Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov, Agentliyin məsul əməkdaşı Leyla Rəhimova və “Ətraf mühitin və əhalinin sağlamlığının qorunması, narkomaniya ilə mübarizə məsələləri" sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatları iştirak ediblər.
Görüşün keçirilməsində məqsəd 2023-cü ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən elan olunacaq müsabiqə istiqamətlərinin müəyyən edilməsi və mövzu ətrafında müzakirələrin aparılmasıdır.
Görüşü açıq elan edən Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov mövzunun aktual olduğunu vurğulayıb. A.Allahverənov bildirib ki, hər kəsə məlumdur ki, son illərdə dünyada ekoloji problemlər və ekosistemlərə təhlükə törədən amillərin sayı artmış, insan fəaliyyəti nəticəsində ekosistemlər deqradasiyaya uğramışdır.
“Bu səbəbdən də ekologiyanın qorunub saxlanılması və davamlı istifadəsinə dair ciddi tədbirlərin görülməsini tələb edir. Son illərdə Azərbyacanda ekoloji problemləri önə çəkilərək bu sahədə xeyli iş görülmüşdür. QHT sektorunun bu sahədə həyata keçirdiyi layihələr ekoloji problemlərin həlli məsələsində çatışmazlıqları aradan qaldırmaq üçün az rol oynamır. Təsadüfi deyil ki, QHT-lər tərəfindən dünəndən Şuşa ərazisində başlanan Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası davam edir”.
A.Allahverənov ətraf mühitin və əhalinin sağlamlığının qorunması, o cümlədən, narkomaniya ilə mübarizənin aktual aspektlərinə diqqəti çəkərək bu sahədə qeyri-hökumət təşkilatlarının xeyli sayda layihələr icra etdiyini vurğulayıb.
Daha sonra qeyri-hökumət təşkilatlarının nümayəndələri mövzu ilə bağlı müzakirə apararaq, təkliflər səsləndiriblər.