Kitabı azərbaycancaya tərcümə edilən finlandiyalı professor Bakıda - FOTO
Azərbaycanla Finlandiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə “Kitabıstan” nəşriyyatı İsveç Kral Elmlər Akademiyasının üzvü, Finlandiyada İsveç Ədəbiyyatı Cəmiyyətinin sədri, Helsinki Universitetinin professoru Henrik Meynanderin "Finlandiya tarixində təhsilin rolu. Finlandiyada təhsil və həyat" mövzusunda konfrans təşkil edib.
Konfransda professor H.Meynanderin “Kitabıstan” tərəfindən nəşr edilmiş "Finlandiya tarixi" kitabı da təqdim olunub. Sözügedən konfransla “Kitabıstan” yeni layihəsinə - "Kitabistan Talks"a start vermiş oldu.
Konfransın açılışında “Kitabıstan”ın təsisçisi Şəhriyar Məcidzadə çıxış edib. O, professor Henrik Meynanderin "Finlandiya tarixi" kitabı və "Kitabistan Talks" layihəsinin əhəmiyyəti barədə məlumat verib. Ş.Məcidzadə bildirib ki, Finlandiyanın digər ölkələrdən bir fərqi var:
“O da budur ki, Finlandiyanın əsas yatırımı təhsilə, maarifçiliyə və vətəndaş cəmiyyətinə olub. Professor Meynanderin "Finlandiya tarixi" kitabı artıq Azərbaycan dilinə tərcümə edilib. Bu kitabın önəmi budur ki, siz Finlandiya tarixini xülasə şəklində həm oxuya biləcəksiniz, həm öyrənə biləcəksiniz, həm də öyrəndiklərinizi tətbiq edə biləcəksiniz".
Daha sonra konfransda çıxış edən Finlandiyanın Cənubi Qafqaz regionu üzrə fövqəladə və səlahiyyətli səfiri xanım Kirsti Narinen təşkilatçılara təşəkkür edib. O, çıxışı zamanı tarixi öyrənməyin önəmi haqqında da danışıb:
“Keçmişdə baş verən hadisələr bugünkü vəziyyətimizə təsir edir. Onlar bizə həm keçmişi öyrənmək, həm də daha yaxşı gələcək qurmaq üçün keçmişin təcrübəsindən istifadə etmək imkanı verir. Bunun üçün bizə tarix haqqında kitablar yazan və tarixi hadisələri anladan tədqiqatçılar, kitabı çap edib oxucuların ixtiyarına verən naşirlər lazımdır. Daha sonra isə onları oxuyan oxucular lazımdır".
Konfransın önəminə toxunan səfir bildirib ki, bu tədbir Azərbaycanla Finlandiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edilməsinin ən yaxşı yoludur. Səfirin çıxışından sonra “Kitabıstan” tərəfindən xüsusi olaraq konfrans üçün hazırlanmış video təqdim olunub və daha sonra professor Henrik Meynander kürsüyə dəvət edilib.
“Kitabistan Talks”un ilk məruzəçisi kimi çıxış edən professor Henrik Meynander əvvəlcə Finlandiyanın keçdiyi inkişaf yolunun tarixindən, sonra isə bu prosesdə Finlandiya təhsilinin rolundan bəhs edib. XVI-XVII əsrlərdə təhsilin cəmiyyətin inkişafına göstərdiyi təsirdən danışan professor bildirib:
“Evlənə bilmək üçün hər bir şəxs keşişə göstərməli idi ki, o oxumağı bacarır. Bunun üçün hər bir kənddə oxu dərsləri və imtahanları var idi. Şəhər yerlərində isə elita üçün məktəblər var idi. Lakin bu məktəblər dövlətə bağlı deyildi və özəl şəkildə yaradılmışdı. Bundan əlavə, bizim 1640-cı ildə dövlət - monarxiya üçün məmurlar yetişdirmək məqsədilə qurulmuş universitetimiz var idi”.
Henrik Meynander Finlandiya təhsil sisteminin sirlərindən danışıb: “Finlandiya təhsilinin sərbəst təməl daşları üzərində qurulduğunu söyləmək olar. Əlbəttə ki, bunlardan biri hər bir finlandiyalının müqəddəs kitabı oxuya bilməsi ilə bağlı lüteran tələbinə əsaslanan təhsil mədəniyyəti və ənənəsidir. Digər səbəb isə məncə, daha çox təhsillə deyil, sosial strukturumuzla bağlıdır. Finlandiya və digər cəmiyyətlərdə müxtəlif sosial təbəqələr var. Ancaq Avropanın əksər hissələrinə nisbətən bizdə sosial təbəqələşmə çox aşağıdır. Beləliklə, sosial iyerarxiyanın aşağı olması həm də bütün uşaqlara vahid təhsil sisteminə uyğun olaraq təhsil verməyin daha asan olması deməkdir. Əlavə etmək istərdim ki, təhsili xüsusilə XIX əsrdə ruslaşmaya qarşı müdafiə adlandırmaq olar”.
Konfransın yekununda professor Henrik Meynander tarix elminə verdiyi töhfəyə və innovativ yanaşmasına görə “Kitabıstan”ın fəxri vətəndaşı elan olunub və ona plaket təqdim edilib.
“Kitabistan Talks” layihəsi çərçivəsində dünyanın müsbət nümunələrini Azərbaycanda təqdim etmək üçün mütəmadi olaraq elmi konfranslar keçiriləcək.