QHT-lər Naxçıvana toplandı
Görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ölkənin aparıcı vətəndaş cəmiyyəti təşkilatlarının üzvləri Naxçıvana səfər ediblər.
Azlist.az xəbər verir ki, səfər Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Sonra qonaqlar Heydər Əliyev Muzeyi ilə tanış olublar.
Səfər çərçivəsində Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Heydər Əliyev İli” ilə əlaqədar “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib. Konfransda ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri, aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri iştirak ediblər.
Tədbirdə ulu öndər Heydər Əliyevin, şəhidlərimizin və qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirələri bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.
Konfransda çıxış edən Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli,
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxış edərək, vətəndaş cəmiyyətinin təşəkkülündə və ölkənin əsas hərəkətverici qüvvələrindən birinə çevrilməsində Heydər Əliyevin müstəsna xidməti olduğunu bildiriblər.
Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Auditorlar Palatasının sədri Vahid Novruzovun, 44 günlük Vətən müharibəsinin iştirakçısı, Xüsusi Təyinatlıların Qaziləri Birliyinin sədri Bəhruz Məmmədzadənin, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyevin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovun, Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfərovanın və Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin çıxışları dinlənilib.
Konfransdan sonra qonaqlar Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar.
Daha sonra Naxçıvan şəhəri, eləcə də Möminə Xatun türbəsi ilə tanışlıq olub.
Səfərdə həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları, media qurumları, ağsaqqallar və veteranlar təşkilatlarından 250 nümayəndə iştirak edib.