QHT-lər 31 Mart Soyqırımı ilə bağlı bəyanat yaydılar
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisində 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.
Azlist.az xəbər verir ki, tədbir Agentliyin Müşahidə Şurasının üzvü Zaur İbrahimov tərəfindən açıq elan edilib.
Zaur İbrahimov 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərində erməni silahlı qüvvələri tərəfindən törədilmiş soyqırımı hadisəsi ilə bağlı məlumat verib.
O bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci il tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə sərəncam imzalayıb. Hər il dünyanın müxtəlif ölkələrində soyqırımı hadisəsinin ildönümü günü ərəfəsində müxtəlif tədbirlərin təşkil olunduğunu qeyd edən Z.İbrahimov ermənilərin 30 mart - 3 aprel 1918-ci il tarixlərində onminlərlə azərbaycanlını milli mənsubiyyətinə görə qətlə yetirdiyini vurğulayıbi.
Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri Mirəli Hüseynov, Nəsiman Yaqublu, Faiq İsmayılov, Tofiq Əlizadə, Səriyyə Cəfərova, Mətanət Əsgərqızı, Elçin Axundzadə, İlqar İlkin, Zülfiyyə Mustafayeva və Aynur Zülfüqarova ermənilərin törətdiyi soyqırımları haqda məlumat veriblər. QHT nümayəndələri Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları adından beynəlxalq təşkilatlara bəyanat ünvanlanmasının əhəmiyyətini qeyd ediblər.
Tədbirin sonunda bəyanat səsləndirilib.