Qarabağ

Cəbrayılda günəş elektrik stansiyası tikiləcək - Qayıdış XƏBƏRİ

Cəbrayılda günəş elektrik stansiyası tikiləcək - Qayıdış XƏBƏRİ
17Aprel 202313:37

Cəbrayılda günəş elektrik stansiyasının tikintisi üzrə bp ilə birgə tədqiqatlar tamamlanmaq üzrədir.

Azlist.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov "İşğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi" mövzusunda elmi-praktik konfransda deyib.

"Son 2 il ərzində Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına dövlət büdcəsindən 6,4 milyard manatdan çox vəsait ayrılıb. 2023-cü ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin bərpası üçün üç milyard manat nəzərdə tutulub. Ərazilər minalardan təmizlənir, iri infrastruktur layihələri həyata keçirilir. Ağdam, Fizuli və Laçında irimiqyaslı bərpa işləri aparılır, yollar salınır, binalar, su elektrik stansiyaları, yarımstansiyalar tikilir. Cəbrayılda günəş elektrik stansiyasının tikintisi üzrə bp ilə birgə tədqiqatlar tamamlanmaq üzrədir. Şuşada və Laçında su anbarları tikilir, Köndələnçay, Suqovuşan su anbarlarında, Tərtərçay sağ sahil və sol sahil kanallarında təmir-quruculuq işləri aparılır", - o deyib. 

S.Ələkbərov Zəngilanın Zabux kəndindən su kəməri çəkildiyini, yaxın zamanda Qarabağda və Şərqi Zəngəzurda böyük sahələri təmiz içməli su ilə təmin edəcək Həkəri su anbarının və müvafiq su kəmərlərinin tikintisinə başlamağın planlaşdırıldığını qeyd edib.

""Ağdam Sənaye Parkı"nda və “Araz Vadisi İqtisadi Zonası”nda işlər yüksək sürətlə davam etdirilir. Bu sənaye parklarında 1500-dən çox iş yerlərinin yaradılması planlaşdırılır", - o deyib.

Prezidentin Qarabağ iqtisadi rayonunun tərkibinə daxil olan işğaldan azad edilmiş ərazilərindəki (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov isə deyib ki, "Böyük Qayıdış"ın 1-ci mərhələsində 66 min nəfər həmvətənimizin öz evlərinə qayıdacağı gözlənilir.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə bərpa və reabilitasiya prosesini 3 mərhələyə bölmək olar.

E.Hüseynov bildirib ki, Qarabağ iqtisadi rayonunda 2030-cu ilədək təqribən 150 min iş yerinin açılacağı gözlənilir.

"Qarabağ iqtisadi rayonunda 2030-cu ilədək təqribən 150 min iş yerinin açılacağı gözlənilir. "Ağdam Sənaye Parkı"nda iş yerlərinin gözlənilən sayı 5 min, kənd təsərrüfatı sektorunda 15-17 min, dağ-mədən sənayesində 1,5-2 min, turizm sahəsində 1,5-2 min, KOS sektorunda isə 10-11,5 mindir", - o deyib.