Paşinyan Putin və Əliyevlə danışıqların detallarını açıqladı: “Şuşa mənim “qırmızı xəttim” idi”
Ermənistanın baş naziri Nikol Paşinyan Parlamentdə 2020-ci ildə baş vermiş 44 günlük müharibənin təfərrüatlarını öyrənən istintaq komissiyasının iclasında iştirak edib
Azlist.az xəbər verir ki, “Azadlıq” radiosunun erməni xidməti – “Azatutyun”un yazdığına görə, N.Paşinyan iclasın əvvəlində deyib ki, bu, onun Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların tarixçəsi, 44 günlük müharibə və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanması ilə bağlı məsələlərdən danışa bilməsi üçün ən yaxşı imkandır.
10 noyabr bəyanatı niyə imzalandı və müharibə niyə dayandı?
N.Paşinyanın sözlərinə görə, sözügedən bəyanatın imzalanmasına dair qərarında Şuşanın itirilməsi dönüş nöqtəsi olub:
“Burada əsas məsələ Şuşanın strateji əhəmiyyəti idi. Stepanakert (Xankəndi-red.) zərbə altında qala, 25 min əsgər mühasirə təhlükəsi ilə üzləşə bilərdi”.
Paşinyan bildirib ki, 10 noyabrda üçtərəfli bəyanatı imzalamaq müharibənin dayandırılması üçün beşinci cəhd olub. Belə bir söhbət 2020-ci il oktyabrın 7-də Paşinyan Vladimir Putini ad günü münasibətilə təbrik etmək üçün zəng edəndə olmuşdu.
Paşinyanın sözlərinə görə, Putin ona müsahibələrindən birində İrəvanın kompromislərə hazır olduğunu deməyi məsləhət görüb:
“Bizim anlayışımız belə idi ki, atəş qeyd-şərtsiz dayandırılmalı və tərəflər həmin an üçün olduqları mövqelərdə qalmalı idilər. Daha sonra məsləhətləşmələr başlanmalı idi”.
Azərbaycan prezidenti deyib ki, Füzuli döyüşsüz təslim edilməlidir
Paşinyan deyib ki, bundan sonra Putinlə danışıb, amma Putin deyib ki, Azərbaycan prezidenti atəşkəs rejiminə razı deyil.
Ertəsi gün Putin Paşinyana deyib ki, Azərbaycan tərəfinin ön şərti var: Füzuli döyüşsüz təslim edilməli, Ermənistan qüvvələri Araz çayı boyunca geri çəkilməlidir ki, Xudafərin su anbarı Azərbaycanın nəzarətində olsun və onlar anbardan irriqasiya üçün istifadə edə bilsinlər:
“Bundan başqa Azərbaycan rəhbərliyi Qarabağda qətl və adam oğurluğuna görə (?) cəza çəkən Şahbaz Quliyev və Dilqəm Əsgərovun qaytarılmasına ümid edirdi və bildirirdi ki, bunun əvəzində əsirlərin qaytarılması mümkündür. Bütün bunların müqabilində atəşkəs yox, yalnız həlak olanların dəfn edilməsi üçün humanitar atəşkəs elan edilməliydi. Bundan başqa hərbi əməliyyatların dayandırılması üçün heç bir şərt qoyulmamalı idi”.
Paşinyanın sözlərinə görə İrəvan bu şərtləri qəbul etməyib.
“Yola razıyam, dəhlizə yox”
Ermənistan baş naziri deyib ki, o Azərbaycan və Naxçıvan arasında yolların açıq olmasını qəbul edir, amma bu, dəhliz yox, yol olmalı və Ermənistanın yurisdiksiyası və suverenliyi çərçivəsindən çıxmamalıdır:
“Müharibənin dayandırılması üçün 19 oktyabr tarixli təklifdə deyilirdi: 7 rayonun hamısı Azərbaycanın nəzarətinə keçir, Dağlıq Qarabağın statusu qeyri-müəyyən qalır, Dağlıq Qarabağın artıq itirilmiş əraziləri Azərbaycanın nəzarətində qalır, Şuşa Azərbaycana təslim edilir, Meğridə sülhməramlılar yerləşdirilir, beləliklə faktiki olaraq Azərbaycan və Naxçıvan Muxtar Respublikasını birləşdirən zolaq və bizim nəzarətimizdə olmayan dəhliz yaranır”.
Paşinyan bildirib ki, o vəziyyətin son dərəcə ağırlığına baxmayaraq bu şərtlərə razılıq verməyib.
“Şuşa və Meğridə sülhməramlılar “qırmızı xəttim” idi”
N.Paşinyan bildirib ki, Şuşanın verilməsi və Meğridə sülhməramlıların yerləşdirilməsi onun üçün “qırmızı xətt” olub.
O əlavə edib ki, Şuşa durduqca mübarizənin “konkret məqsədi və motivi” var idi:
“Amma digər tərəfdən danışıqlardan aydın görünürdü ki, Azərbaycanın növbəti məqsədi Şuşa olacaq. Şuşanı almaqla, azərbaycanlılar Laçın yolunu bağlayardılar və Stepanakertə (Xankəndi-red.) hücum, Dağlıq Qarabağın müdafiə ordusunun (separatçılar-red.) 5, 6, 7-ci müdafiə rayonlarına təkcə cəbhədən yox, həm də arxadan zərbə endirə bilərdilər”.
Şuşanın təslim edilməsi
Baş nazirin sözlərinə görə o, Şuşanın həlledici faktor olduğunu bildiyindən şəhərin möhkəmləndirilməsinə və müdafiəsinin təşkilinə hazırlığa başlanıb:
“Axırda belə bir təsəvvür yarandı ki, lazım olan bütün işlər görülüb. Amma bu hazırlıq işlərindən az sonra xəbər gəldi ki, bir qrup azərbaycanlı Zarıslı kəndi ərazisində bizim müdafiəmizi yarıb və Laçın-Stepanakert (Xankəndi-red.) yoluna çıxıb, yəni yolu bağlayıb. Bu xəbəri mənə “Dağlıq Qarabağın prezidenti” (Qarabağdakı separatçıların başçısı Arayik Arutyunyan-red.) verdi, amma Ermənistan baş qərargahı xəbəri təkzib etdi”.
Paşinyan bildirib ki, bu xəbərin verilməsi və təkzibi dəfələrlə təkrar olunub və nəhayət noyabrın 7-də Baş Qərargahın rəisi Onik Qasparyan Şuşanın itirildiyini bildirib.
Ermənistan baş naziri deyib ki, onun bütün əmrlərində Şuşanın nəyin bahasına olursa-olsun saxlanmasının mühümlüyü vurğulanırdı.
Paşinyan xatırladıb ki, Şuşanın təslim edilməsi ilə bağlı cinayət işi qaldırılıb və bütün detallar aydınlaşdırılmalıdır.
Qazaxın kəndlərinin qaytarılması məsələsi
N.Paşinyanın dediyinə görə, o, Ermənistanın Tavuş rayonundakı anklavların (Qazax rayonunun 7 kəndi-red.) məsələsi üzrə danışıqlara yalnız bir şərtlə razılıq verib ki, Şuşa və Ermənistan ərazisi ilə dəhliz verilməsi bəndləri danışıqlardan çıxarılsın. Paşinyan habelə Qarabağdakı Hadrut rayonunun əvəzində Ağdam rayonunun qaytarılmasını təklif edib.
Baş nazir vurğulayıb ki, bu, artıq üçtərəfli bəyanatın imzalanmasına aparan yolun başlanğıcı idi:
“8 noyabra olan vəziyyətə görə Şuşanın bizim nəzarətimizdə olduğu barədə nə deyilsə də, mən başa düşürdüm ki, biz artıq onu tamamilə qaytara bilməyəcəyik”.
N.Paşinyanın sözlərinə görə noyabrın 8-də və 9-da Putinlə təxminən 20 telefon söhbətindən sonra məlum oldu ki, Azərbaycan Hadrutu Ağdama dəyişmək təklifini rədd edib:
“Nəhayət müzakirələr nəticəsində bizim razılaşdırdığımız mətndə Şuşa barəsində, Ermənistan ərazisi ilə dəhliz barəsində heç nə deyilmirdi, söhbət hərbi əməliyyatların dayandırılmasından, yeddi rayonunun qaytarılmasından, “Laçın dəhlizi”nin yaradılmasından, orada və Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsindən gedirdi. Mən noyabrın 9-da səhər bu sənədi imzaladım”.
Paşinyan bildirib ki, Azərbaycan bu sənədi hələ imzalamamışdı və yeni təkliflər irəli sürmüşdü.
Pis variantlardan ən yaxşısı
Paşinyan deyib ki, o, Qazaxın kəndlərinin qaytarılmasına dair bəndlə razılaşmayıb və son nəticədə indiki 10 noyabr üçtərəfli bəyanatı yaranıb:
“Uzun sürən mürəkkəb müzakirələrdən sonra mən sizə məlum olan sənədi imzaladım. Bu, əlbəttə səhərki variantdan pis idi, amma Meğridən dəhlizi və Tavuş rayonu anklavlarının qaytarılmasını nəzərdə tutan başqa variantlardan yaxşı idi”.
Ermənistan baş naziri deyib ki, Qarabağ məsələsi son 25 ildə həll olunsa idi, 44 günlük müharibə olmayacaqdı.
“Azatutyun” yazır ki, Paşinyan çıxışını iyunun 27-də, 44 günlük müharibəni öyrənən komissiyanın növbəti iclasında davam etdirəcək.
Həmin iclasda deputatların Paşinyana suallar vermək imkanı olacaq.
Ermənistan müxalifəti parlamentin bu iclasını boykot edib və onu “Paşinyanın şousu” adlandırıb.
Azərbaycan XİN-dən Paşinyana cavab
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan baş naziri Nikol Paşinyanın iyunun 20-də parlamentdə çıxışı zamanı səsləndirdiyi bəzi fikirlərə münasibət bildirib.
Nazirliyin vurğulamasına görə, Paşinyanın çıxışı 44 günlük müharibə zamanı və ümumilikdə, işğal dövründə aparılmış bir sıra danışıqları “təhrif etməklə yanaşı, göstərib ki, Ermənistan çağırışlara baxmayaraq, Azərbaycan ərazilərini danışıqlar yolu ilə işğaldan azad etməkdən imtina edib”.
“Ermənistan tərəfinin tarixi səhvlərindən dərs çıxarması və post-münaqişə dövründə sülh prosesinin uğurla nəticələnməsi işinə maneçilik törətmək səylərindən əl çəkməsi zəruridir”- XİN-n açıqlamasının sonunda qeyd edilir.
Xatırlatma
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarına, keçmiş Hadrut rayonunun ərazisinə (indiki Xocavənd rayonunun bir hissəsi) nəzarəti tam bərpa edib, Şuşa şəhəri və onun bir neçə kəndi düşməndən azad edilib..
Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.
1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.