İki yeni nazir müavini təyin edildi
Prezident İlham Əliyevin sərəncamları ilə əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavinlər təyin ediliblər.
Azlist.az xəbər verir ki, Anar Məhərrəm oğlu Bayramov və Rəşad Əzizağa oğlu Mustafayev nazir müavini postuna təyinat alıblar.
Anar Bayramov 1975-ci ildə anadan olub. Azərbaycan Tibb Universitetinin bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura pilləsini bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur.
1998-ci ildən “MediClub” klinikasında həkim, 2002-ci ildən “A-Group” Sığorta Şirkətinin baş tibbi eksperti, baş direktorun müavini, baş direktoru, Şirkətin İdarə Heyətinin sədri, 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifələrində çalışıb.
Hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub.
Rəşad Mustafayev 1978-ci ildə anadan olub. 1998-ci ildə Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin Hüquq fakültəsinin bakalavr, 2001-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin magistr, 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin bakalavr, 2018-ci ildə İspaniyada Empreza Universitetinin Biznes məktəbinin MBA proqramı üzrə magistr pilləsini bitirib.
2000-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyinin Hüquq şöbəsində aparıcı məsləhətçi, 2001-2015-ci illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, müdir müavini, 2015-2023-cü illərdə “Cənub Qaz Dəhlizi” QSC-nin Baş direktorunun müavini, 2023-cü ildən hazırkı vəzifəsinə qədər “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru olub.