QHT Agentliyində KOBİA yanında İctimai Şura üzvləri ilə görüş oldu
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində KOBİA yanında İctimai Şura üzvləri ilə görüş keçirilib.
Azlist.az xəbər verir ki, görüşdə Agentliyin icraçı direktoru Aygün Əliyeva qonaqları salamlayaraq görüşün əhəmiyyəti haqqında məlumat verib.
O, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Nizamnaməsinə əsasən, Agentliyin fəaliyyət istiqamətlərindən birinin də dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərini inkişaf etdirmək və təşviq etməkdən ibarət olduğunu vurğulayıb. A.Əliyeva bildirib ki, Agentlik bu istiqamətdə maraqlı tərəflərin iştirakı ilə geniş formatda müzakirələr aparmaq, qarşıda duran hədəfləri müəyyənləşdirmək, çətinlikləri aradan qaldırmaq, təşəbbüsləri əlaqələndirmək məqsədilə müxtəlif platformalarda mütəmadi görüşlər keçirmək niyyətindədir.
Daha sonra KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov çıxış edərək ictimai iştirakçılıq və assosiasiyaların fəaliyyəti ilə bağlı təkliflərini səsləndirib.
Görüşdə iştirak edən sahibkarlar tərəfindən gələcək əməkdaşlıq məsələləri, özəl sektorun qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyətinin əhəmiyyəti, KOBİA və digər dövlət strukturlarının da iştirakı ilə bu formatda görüşlərin təşkilinin vacibliyi vurğulanıb.