Bakıdan Xankəndiyə ərzaq yardımı aparılır - Ermənilər qəbul edəcək?
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün bu gün Bakıdan humanitar yardım yola salıb.
Azlist.az xəbər verir ki, humanitar yardım karvanında ilkin mərhələ üçün 40 ton un məmulatları var.
“Avqustun 21-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti İdarəetmə Şurasının qərarına uyğun olaraq bəyanat imzalamışıq. Bəyanatımızın fəlsəfəsinə görə irqindən, dinindən, milliyyətindən asılı olmayaraq hər bir insana yardımçı olmaqdır. Həmin bəyanatdan sonra bu məsələ diqqətimizdədir və hazırda humanitar yardım göndəririk. Qızıl Aypara Cəmiyyətinin rəhbər işçiləri, o cümlədən könüllülərimiz Ağdam-Xankəndi yoluna doğru irəliləyəcək”, - bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan deyib.
Təşkilat rəhbəri bildirib ki, bu addımın Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacağına ümid edir:
“Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”.
Məsələyə münasibət bildirən siyasi şərhçi Elxan Şahinoğlu isə deyib ki, erməni separatçıları Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Ağdam-Xankəndi yolu ilə bölgəya aparılan 40 ton un məmulatının qəbuluna əngəl yaratsa “Azərbaycan bizi mühasirədə saxlayır”, “Bakı Qarabağ ermənilərinin sosial problemlərini dərinləşdirir”, “acından ölürük” kimi “bəhanələri” qalmayacaq.
E.Şahinoğlu bildirib ki, indi bu prosesdə əsas iş diplomatiyamızın üzərinə düşəcək.
"Diplomatiyamız beynəlxalq aləmi inandırmalıdır ki, Azərbaycan Qarabağda yaşayan ermənilərin sosial problemlərini həll etməyə çalışır, məsələlərin həllinə imkan vermək istəməyən separatçılardır. Bu təbliğatı genişləndirə bilsək, BMT və digər təşkilatlarda “Laçın yolunu açın” kimi çağırışların effekti qalmayacaq, Fransa da oyundankənar vəziyyətə düşəcək".