İki hərbçimiz şəhid oldu - Biri yaralandı
Sentyabrın 24-ü saat 17:35 radələrində Azərbaycan Ordusuna məxsus KamAZ markalı hərbi nəqliyyat vasitəsi minaya düşüb.
Azlist.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Mövqelərimizin təminat yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Şadmanov Əkrəm Yunis oğlu və Seyidov Tural İslam oğlu şəhid olub.
Digər hərbi qulluqçumuz Əliyev Elvin Taleh oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb. Yaralı hərbçimizə ilkin tibbi yardım göstərildikdən sonra o, dərhal yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib. Vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur.
Hadisə sentyabrın 24-ü saat 17:35 radələrində Ağdam rayonunda baş verib.
Qeyd edək ki, polkovnik-leytenant Əkrəm Şadmanov "N" saylı hərbi hissəsinin qərargah rəisi olub. O, əslən Kəlbəcər rayonundandır.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, fakta görə Ağdam Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.