Qarabağ Universitetində dərslər gələn il BAŞLAYACAQ
Xankəndidə açılacaq Qarabağ Universitetində 2024-2025-ci tədris ilində 800-1000 tələbənin təhsil alması planlaşdırılır.
Azlist.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirilən brifinqdə deyib. O bildirib ki, bu rəqəmin 2025-2026-cı illərdə 1600-2000, 2026-2027-ci illərdə 2500-3000, 2027-2028-ci illərdə 3500-4000-ə çatması ehtimal olunur.
Universitetdə əsas və idarəetmə heyətinin ərazisində daimi 30-40 nəfərin yerləşdirilməsi nəzərdə tutulur. Professor və müəllim heyətinin intensiv modullar əsasında səfəri və onlayn qaydada tədrisin təşkili planlaşdırılır. Müəllimlər Şuşa şəhərində və ya Xankəndidə universitetin kampusunda yaşayacaqlar.
Universitet 3 korpus, 119 auditoriya, 2 kitabxana, 2 idman zalı, 1 yataqxanadan ibarət olacaq.
“İnfrastruktura tədris binaları, auditoriyalar, kitabxanalar, idman zalları və yataqxana daxildir. Müəllimlərin bir qismi yaxın ərazilərdə yaşayacaq. Tədrisin təşkili növbəli şəkildə olacaq. Qəbul prosesi ənənəvi şəkildə aparılacaq. Eyni zamanda, "Sabah" qruplarını da Qarabağ Universitetinə müraciət əsasında köçürməyi düşünürük. "Sabah" qruplarında oxuyan istedadlı gənclərin Qarabağ Universitetində oxuması yeni başlanğıc olacaq. Qarabağ Universitetinin digər universitetlərlə ikili təhsili təşkil ediləcək”, - nazir deyib.
E.Əmrullayev bildirib ki, ilkin mərhələdə 4 fakültə olması planlaşdırılır.
“Təhsil və pedaqoji ixtisas öncəliklidir. Universitetdə ibtidai sinif müəllimliyi, məktəbəqədər təhsil, riyaziyyat müəllimliyi, informatika müəllimliyi, korreksiyaedici təlim, təhsildə sosial-psixoloji xidmət, informasiya texnologiyaları, kompüter elmləri, kompüter mühəndisliyi, qida mühəndisliyi, şəhərsalma, inşaat mühəndisliyi, beynəlxalq münasibətlər, regionşünaslıq, tarix, kommunikasiya və rəqəmsal media, beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə-marketinq, menecment, mühasibat, turizm işinin təşkili və turizm bələdçiliyi ixtisasları tədris olunacaq”,- deyə nazir bildirib.