İlham Əliyev Xankəndi stadionunda - Tarixi Oyun - VİDEO
Bu gün xalqımız tarixi hadisəyə şahidlik edir. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları üz-üzə gəlir.
Azlist.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəliblər.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səslənib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oyundan əvvəl stadionda çıxış edib.
Prezident deyib ki, bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Qarabağ xanı tərəfindən bu kəndin təməli qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır.
“Əfsuslar olsun ki, otuz il ərzində Xankəndi şəhərində separatçılar yuva salmışdılar, bu şəhər separatizmin rəmzinə çevrilmişdi.
Otuz il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi və əzəli torpağımızdır, bu torpaqların sahibləri bizik - Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq”.