Xəbər Xətti

Hikmət Mirzəyev müdafiə nazirinin müavini təyin edildi

Hikmət Mirzəyev müdafiə nazirinin müavini təyin edildi
12Yanvar 202413:23

Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı təyin edilib. 

Azlist.az xəbər verir ki, general-leytenant Ənvər Əfəndiyev Müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı vəzifəsindən azad olunub. 

Sözügedən təyinatla bağlı Müdafiə Nazirliyi bildirib ki, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin müvafiq bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib.

Nazirlik ehtiyata və istefaya göndərilən şəxslərin adlarını açıqlamayıb. 

Hikmət Mirzəyev 29 fevral 1968-ci ildə Biləsuvarda anadan olub. O, Birinci və İkinci Qarabağ müharibələrində iştirak edib.

1992-ci ildə Xocalıda Fərrux yüksəkliyini azad etmək üçün aparılmış hücum əməliyyatında kapitan kimi döyüşüb. 33 yaşı olarkən ümummili lider Heydər Əliyev tərəfindən general-mayor ali hərbi rütbəsinə layiq görülüb.

2018-ci ldə Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə keçirilən hərbi parada məhz general Mirzəyev başçılıq edib.

Aprel döyüşlərinin və Vətən müharibəsindəki döyüş əməliyyatlarının əsas hərbi rəhbərlərindən olan H.Mirzəyev Cəbrayıl və Şuşanın işğaldan azad edilməsinə komandanlıq edib.
 
Cəbrayıl işğaldan azad olunarkən dövlət başçısı Mirzəyevə zəng edərək onu təbrik edib.

II Qarabağ müharibəsinin gedişində Prezident İlham Əliyev ona general-leytenant rütbəsi verib. Hikmət Mirzəyev “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. 

XTQ-nin Şuşanın azad edilməsi uğrunda həyata keçirdiyi unikal əməliyyat dünyanın müxtəlif hərbi mərkəzlərinin də diqqətini cəlb edib.