“Sehrli xalat” filminin Rəşidi VƏFAT ETDİ
“Sehrli xalat” filmində baş rolun – Rəşid obrazının ifaçısı Azər Qurbanov vəfat edib.
Azlist.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin keçmiş işçis, Əməkdar incəsənət xadimi Yusif Şeyxov bildirib.
Onun sözlərinə görə, ömrünün son 30 ilini ABŞ-da yaşayan Azər Qurbanov bir müddət əvvəl ağır xəstəlikdən nəticəsində dünyasını dəyişib.
Azər Qurbanov 1955-ci ildə Balakəndə anadan olub. Orta təhsilini Bakıdakı 225 saylı orta məktəbdə rus dilində alıb.
Sovet dövrü uşaqlarının pərəstiş etdiyi aktyor Azər Qurbanov 1992-ci ildən ABŞ-ın Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayırdı.
Aktyor hələ 1957-ci ildə, 7 yaşında ikən "Bir məhəllədən iki nəfər" filmində debüt etmişdi. Sonra "Əcnəbi qız" (1965), "Bizim oynadığımız dənizdə" (1967), ilk sovet-yuqoslav birgə filmi olan "Mavi quş, yolun açıq olsun" (1967) filmlərində rol alıb. Lakin ən yaddaqalan rolu "Sehrli xalat" (1964) filmindəki pioner Rəşid obrazı olub.
A.Qurbanov ABŞ-da həyat yoldaşı və oğlu Maratla birgə yaşayırdı. O, Şort-Hills şəhərində kiçik bizneslə məşğul olur, əlillərin daşınması, həkimlərə çatdırılması üzrə firmasını da idarə edirdi.
Qeyd edək ki, Azər Qurbanovun anası Xurşud Qurbanova uzun illər Azərbaycan Opera və Balet teatrının solisti olub. O da oğlu ilə birgə ABŞ-a köşmüşdü.
Allah rəhmət eləsin.