İlham Əliyev AŞPA-ya XƏBƏRDARLIQ ETDİ
Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasında (AŞPA) anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini vurğulayaraq bildirib ki, bu, ümumiyyətlə, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir.
Azlist.az xəbər verir ki, Azərbaycan Prezidenti bu haqda fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən danışıb.
Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.
Qeyd edək ki, 24 yanvar 2024-cü il tarixində Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətinin qurumun 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edib.
Qətnamənin müzakirəsi zamanı 76 deputat Azərbaycanın əleyhinə, 10 deputat lehinə səs verib, 4 deputat bitərəf qalıb. 16 deputat isə səsvermədə iştirak etməyib. Səsvermə zamanı Türkiyə (9 deputat) və Albaniya (1 deputat) nümayəndələri sənədin əleyninə səs veriblər.