Ermənistan atəşkəsi pozdu - əsgərimiz yaralandı - VİDEO
Fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.
Azlist.az xəbər verir ki, təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib.
Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin aşılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb.
Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xəlilzadə Pərviz Ağakişi oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda cinayət işi açılıb.
Hərbi Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Qubadlı hərbi prokurorluğunun işçiləri tərəfindən hadisə ilə bağlı izahatlar alınıb, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq zəruri tədbirlər görülüb, hadisə yerinə baxış keçirilib və digər hərəkətlər icra edilib.
Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilin və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
"Hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq", - məlumatda deyilir.