Konstitusiya Məhkəməsi təsdiqlədi - İlham Əliyev Prezident ELAN EDİLDİ
Fevralın 13-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.
Azlist.az xəbər verir ki, iclasda 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu prezident seçkilərinin nəticələrini təsdiq edib.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev müvaqfiq qərarı elan edib. Qərara müvafiq olaraq İlham Heydər oğlu Əliyev növbəti 7 il müddətində Azərbaycanın Prezidenti seçilmiş hesab edilib.
Qərar qətidir, heç bir şikayət qəbul olunmur.
F.Abdullayev qərarı elan edərkən bildirib ki, Konstitusiya Məhkəməsi Plenumu maraqlı tərəflərin iştirakı ilə Azərbaycan Konstitusiyasına daxil olan protokolda olan məlumatları ümumiləşdirərək yoxlayıb. Prezident seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasının protokolu Seçki Məcəlləsinin müddəalarına uyğun gəlir.
İlham Əliyev səslərin 92,12 faizini topladığı üçün Prezident elan edilib.
Növbədənkənar prezident seçkilərində seçici fəallığı 76,43 faiz olub.