Ermənistan DİN Kamil Zeynallının axtarıldığını TƏSDİQLƏDİ
Moskvada saxlanılan azərbaycanlı fitnes məşqçisi Kamil Zaynallı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən qətldə ittiham olunur.
Azlist.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan bildirib.
“Göstərilən şəxsə qarşı qətl ittihamı ilə dövlətlərarası axtarış başlayıb”, - Narek Sarkisyan deyib.
Ermənistan Daxili İşlər Nazirliyi K.Zeynallının qətldə təqsirli bilinərək axtarışa verildiyini bildirsə də, əslində söhbətin hansı qətldən getdiyi açıqlanmayıb.
Lakin qeyri-rəsmi məlumatlara görə, K.Zeynallı 44 günlük müharibə zamanı erməni milliyətindən olan bir qocanı qətlə yetirməkdə ittiham olunur.
Erməni tərəfinin iddiasına görə, bununla bağlı görüntülər internetdə yayılıb.
Xatırladaq ki, Kamil Zeynallı ötən gecə Moskvadan Bakıya gəlmək istəyərkən "Domodedovo" hava limanında Ermənistanın tələbi ilə saxlanılıb. Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə deyib ki, vəkillər artıq Kami Zeynallı ilə görüşüb və onunla daim əlaqə saxlayırlar. Səfirin sözlərinə görə, K.Zeynallı hələ MDB çərçivəsində 2023-cü ilin mayında Ermənistanın irəli sürdüyü tələbi ilə bağlı saxlanılıb.
K.Zeynallının vəkili Ələkbər Qarayevin sözlərinə görə, azərbaycanlı idmançı 4 maddə ilə axtarışa verilib. Soydaşımız Ermənistan Cinayət Məcəlləsinin 135 (insanlığa qarşı cinayətlər), 137 (müharibə cinayətləri), 140 (müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (muzdlu cəlb etmək) və 149-cu (təcavüz) maddələri ilə ittiham olunur.