Prezident Xankəndi, Ağdərə və Xocalıya xüsusi nümayəndə təyin etdi - FOTO
Prezident İlham Əliyev “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Sərəncam imzalayıb.
Azlist.az xəbər verir ki, Sərəncama əsasən, Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
49 yaşlı Elçin Yusubov bu təyinatadək İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışırdı.
O, 1996-cı ildə Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun İdarəetmənin təşkilatçısı ixtisası üzrə, 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu kredit iqtisadçı ixtisası üzrə bitirib.
Xüsusi nümayəndə daha əvvəl özəl sektorda, Azərbaycan Respublikasının Ticarət Nazirliyində, İqtisadi İnkişaf Nazirliyində, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində, Dövlət Əmlak Komitəsində, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində müxtəlif vəzifələrdə, Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentində baş direktorun müavini, baş direktorun 1-ci müavini, baş direktor, Bakı şəhər Lokal Gəlirlər İdarəsinin rəisi vəzifələrində çalışıb.
Azərbaycan Prezidentinin 11 fevral 2020-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Prezidentin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib.