Dini Komitəyə yeni sədr təyin olundu - DOSYE
Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
Azlist.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, bu vəzifəni əvvəllər Mübariz Qurbanlı tutub. O, növbədənkənar prezident seçkilərindən sonra Nazirlər Kabinetinin yeni tərkibində təmsil olunmayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini müvəqqəti olaraq Səyyad Salahlı icra edirdi.
Yeni komitə sədrinin dosyesini təqdim edirik:
Ramin Məmmədov 1979-cu ildə Ağdərə şəhərində anadan olub, orta məktəbə isə Şuşa şəhərində gedib – 1985-1992-ci illərdə Şuşa şəhər 2 saylı orta məktəbdə oxuyub, şəhərin işğalından sonra təhsilini Bakıda davam etdirib.
O, BDU-nun Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirib, 2013-cü ildə Harvard Universiteti Kennedi Dövlət idarəetmə Məktəbinin təşkil etdiyi “İnkişaf edən liderlər” adlı xüsusi proqramın iştirakçısı kimi Harvard Universiteti sertifikatını alıb.
İndiyədək Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 2020-ci ildən etibarən 6-cı çağırış Milli Məclisin deputatıdır. Hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.
Deputat “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub, dövlət qulluğunun baş müşaviridir.