Ceyhun Bayramov Ermənistanla sülh sazişinin şərtlərini AÇIQLADI
“Mən bu gün regiondakı post-münaqişə reallıqları barədə ATƏT sədrinə məlumat verdim”.
Azlist.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri Yan Borqla birgə mətbuat konfransında deyib.
“Bu istiqamətdə hesab edirik ki, iki ölkə arasında ikitərəfli danışıqların olması müsbət formatdır. Son 6 ayda bu istiqamətdə xeyli iş görülüb. Apreldə iki ölkə arasında sərhədin bir hissəsində delimitasiya prosesinə start verilməsini, 4 kəndin qaytarılmasını müsbət inkişaf kimi qeyd edə bilərik”, – nazir əlavə edib.
O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında son zamanlarda baş verən müsbət inkişafı tarixi nəticə adlandırmaq olar.
“Bunun ən böyük nəticəsi ondan ibarətdir ki, bu proses iki dövlət arasında birbaşa danışıqlar yolu ilə, siyasi-diplomatik yolla həyata keçirilib”, - Ceyhun Bayramov deyib.
Nazir onu da bildirib ki, bu istiqamətdə ciddi nailiyyətlərin əldə olunması üçün siqnal var:
“Ümidvarıq ki, işlər müsbət məcrada davam edəcək”.
XİN başçısı qeyd edib ki, Münhendə, Berlində, Almatıda tərəflər arasında danışıqlar aparılıb:
"Bu, olduqca mürəkkəb və lazımlı prosesdir. Sülh sazişi Azərbaycan tərəfi üçün ədalətli və beynəlxalq hüquqa əsaslanan, gələcəkdə hansısa şübhəli məqamları masa üzərinə gətirmək məqamlarını istisna edən saziş olmalıdır. Eləcə də, sözsüz, qarşı tərəfin də gözləntilərini nəzərə alır, qarşılıqlı həll yolları üçün çalışırıq. Almatı danışıqları növbəti bir addım olub. Bu böyük addımdır, ya kiçik, bunu yalnız prosesin sonunda biləcəyik. Amma deyim ki, bu, prosesin önəmli bir hissəsidir. Bunu biz mətbuata açıqlama zamanı da bildirmişdik ki, tərəflər danışıqların davam etdirilməsi barədə razılıq əldə ediblər. Düşünürəm ki, yaxın gələcəkdə bunun şahidi olacağıq”.