Qarabağ Universitetinə rektor təyin olundu - FOTO
Şahin Vaqif oğlu Bayramov Qarabağ Universitetinin rektoru təyin edilib.
Azlist.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Şahin Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.
Xatırladaq ki, Qarabağ Universiteti Azərbaycan Prezidentinin 28 noyabr 2023-cü il tarixli sərəncamı ilə yaradılıb. Universitet 2024-2025-ci tədris ilindən fəaliyyətə başlayacaq. Ali təhsil ocağında ilkin mərhələdə 1 000 nəfərə yaxın tələbənin təhsil alması nəzərdə tutulur.
Bəs Qarabağ Universitetinin rektoru kimdir?
Şahin Bayramov 1979-cu il 4 iyul tarixində Mingəçevir şəhərində anadan olub. 1986-cı ildə Mingəçevir şəhər 5 saylı orta məktəbinin birinci sinfinə gedib, 1996-cı ildə Mingəçevir şəhər Təbiət, Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyini bitirib.
1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə qəbul olunub, 2000-ci ildə beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr dərəcəsi alıb.
2001-ci ildə ADİU-nun magistraturasına qəbul olunub, 2003-cü ildə beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr dərəcəsi alıb.
2005-ci ildə ADİU-nun doktoranturasına qəbul olunub. 2011-ci ildə dünya iqtisadiyyatı ixtisası üzrə “Avropa İttifaqının Qonşuluq Siyasəti və Azərbaycanın Avropa iqtisadi məkanına inteqrasiyası perspektivləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2005-ci ilin yanvarından 2016-cı ilin sentyabr ayınadək ADİU-nun Beynəlxalq iqtisadi münasibətlər kafedrasında baş laborant, müəllim, baş müəllim və əvəzçiliklə dosent vəzifələrində çalışıb. Eyni zamanda, 2005-2009-cu illərdə ADİU-nun Biznesin idarə edilməsi üzrə magistr (MBA) proqramında menecer, 2009-2011-ci illərdə ADİU-nun Distant və əlavə təhsil mərkəzində şöbə müdiri vəzifələrində çalışıb.
2006-2014-cü illərdə Milli Məclisin Elm və təhsil komitəsinin eksperti, eləcə də “Təhsil haqqında” və “Elm haqqında” Qanunların layihələrinin hazırlanması üzrə İşçi qruplarının üzvü olub.
2015-ci ilin sonunda ABŞ-nin Nyu York şəhərində "İcraçılar üçün Qabaqcıl Liderlik Proqramı"nda (Advanced Executive Leadership Program) iştirak edib.
2016-cı ilin fevralında ABŞ-nin Mayami şəhərində Şimali Amerika regionu üzrə İkinci Beynəlxalq Universitetlər Şəbəkəsi Konfransında (International Universities Networking Conference – IUNC North America 2016) iştirak edib.
2016-cı ilin mayında ABŞ-nin Kornell Universitetində keçirilən 2016-cı il III Beynəlmiləlləşmə Simpoziumunda (3rd Internationalization Symposium 2016) iştirak edib.
ABŞ Dövlət Departamentinin Hubert H.Humphrey Təqaüd Proqramının qalibi seçilməklə Amerikada professional inkişaf təlimlərinə qatılmaq imkanı qazanıb. Proqram çərçivəsində 11 avqust 2015-ci il – 10 iyun 2016-cı il tarixlərində ABŞ-də təhsil alıb.
Şahin Bayramov 2017-ci ilin aprelinə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsində işləyib.
2017-ci il aprelin 17-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali və orta-ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.
31 iyul 2019-cu il tarixində Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.