Rəsmi

Bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq! - Əliyevdən XƏBƏRDARLIQ

Bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq! - Əliyevdən XƏBƏRDARLIQ
1İyul 202417:53

Ermənistan 28 illik bir dövrdə beynəlxalq hüququn fundamental prinsipləri ilə razılaşmaq istəmədi. Onlar bütün humanitar qanunları pozdular, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrinə məhəl qoymadılar.

Azlist.az xəbər verir ki, bunu  bunu Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın yeni təyin edilən səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən deyib.
 
“Heç kim onlara zərrə qədər də irad tutmurdu. Münaqişə barədə danışan bir çox ölkələr Azərbaycanın ərazi bütövlüyunə sadiqlik bəyan etmirdilər”, - İlham Əliyev əlavə edib.

Prezident İlham Əliyev vurğulayıb ki, indi - biz Ermənistanın işğalçı ordusuna döyüş meydanında qalib gəldikdən və onları torpaqlarımızdan qovduqdan sonra bizim ərazi bütövlüyümüzə dəstəklə bağlı bəyanatlar eşidirik.

“Amma biz bunu artıq özümüz təmin etmişik. Kiminsə bizim ərazi bütövlüyümüzü tanıyıb-tanımaması mahiyyət kəsb etmir. Azərbaycan Prezidenti qeyd etdi ki, bu, torpaqlarımız işğal altında olan bir dövrdə önəmli idi. Bəli, bir sıra Qərb ölkələrində ermənipərəst sentimentlərin mövcudluğu, erməni diasporunun rol oynaması məlumdur. Amma beynəlxalq hüquqa gəldikdə bu emosiyalar kənara qoyulmalıdır. Lakin bunu anlamaq önəmlidir ki, 28 illik bir dövrdə razılaşdırıla bilməyən məsələlərinin 1-2 ilə həll edilməsi çətindir. Həm də Azərbaycan ilə Ermənistan arasında substantiv danışıqlara demək olar ki, dekabr ayında başlanılıb. Çünki ondan əvvəl Ermənistan sülh müqaviləsinə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini salmaq istəyirdi və bu, qəbuledilməz idi”.

Prezident İlham Əliyev deyib ki, Qarabağ Azərbaycanın daxili məsələsidir:

“Beləliklə, separatçı rejim ləğv edildikdən sonra dekabr ayından başlayaraq danışıqlar cəmi 6 aydır gedir”.

Dövlətimizin başçısı bildirib ki, buna zaman lazımdır və əlbəttə, sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir.

“Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq. Bu, məlum məsələdir”.

Azərbaycan Prezidentinin sözlərinə görə, bununla yanaşı, hesab edir ki, danışıqlar prosesi çərçivəsində kifayət qədər sürətli irəliləyirik. Dövlət başçısı deyib:

“Zənnimcə sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik. Bildirim ki, işğal dövründə vasitəçilərin planı Madrid prinsipləri adlandırılan əsas prinsiplərlə bağlı razılığa gəlməkdən ibarət idi. Onlar paraflanmalı və daha sonra isə mətn tərtib edilməli idi. Hesab edirik ki, bu, bir variant ola bilər - əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş getsin”.

Prezident İlham Əliyev qeyd edib ki, bu, onların konstitusiyaya dəyişiklik edəcəkləri təqdirdə baş tutacaq.