Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini BƏRPA ETDİ
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib.
Azlist.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfir və səfirliyin hazırkı heyəti İrana geri dönüb.
Qeyd edilib ki, İran tərəfi akkreditasiya ölkəsi kimi, “Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası” çərçivəsində təhlükəsizliyin təminatına dair öhdəliyinə uyğun olaraq, səfirliyimizin yeni binasının qarşısında diplomatik mühafizənin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirib.
Hal-hazırda, İrandakı səfirliyin yeni binasında konsulluq xidmətinin təşkili üçün müvafiq işlər görülür və yaxın zamanda konsulluq xidmətinin bərpası barədə əlavə məlumat veriləcək.
Səfirlik Tehran şəhəri, Dərrus məntəqəsi, Şəhrizad prospekti, Yarməhəmmədi küçəsi, Saqi dalanı və Firuzkuh küçəsinin kəsişməsi, ev 8 ünvanında yerləşir.
“Səfirliyin işinin bərpası qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişafına, iki ölkə arasında əldə edilmiş razılaşmaların və həlli zəruri olan məsələlərin icra olunması işinə töhfə verəcək", - deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumu həyata keçirilib.
Hücum nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olub, iki əməkdaş - Vasif Tağıyev və Mahir İmanov isə ağır dərəcəli bədən xəsarətləri alıblar.
Bu hadisədən sonra Azərbaycan İrandakı səfirliyinin fəaliyyətini dayandıraraq, diplomatları təxliyə etmişdi.
Qeyd edək ki, Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadədi.