“Paşinyan mənimlə danışmaq istəmirsə...” - Əliyev şərtləri ELAN ETDİ
“Mənim fikrim ondan ibarət idi ki, Qarabağ münaqişəsi həll edilib. Biz nə etməliyik ki, iki ölkə münasibətləri normallaşsın. Bu, açıq şəkildə Azərbaycan tərəfindən bəyan edildi. Ancaq Ermənistandan bir cavab gəlmədi. Bir müddətdən sonra biz prinsiplərimizi elan etdik. Bu, beş prinsipdir, təməl prinsipləridir, beynəlxalq hüququn prinsipləridir. Əminəm ki, bu işlərlə məşğul olanlar bilir mən nədən danışıram. Yenə də Ermənistana çox uzun müddət lazım oldu ki, buna razı olsunlar. Yəni, o zamandan etibarən danışıqlar bizim təşəbbüsümüzlə başladı”.
Azlist.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışı zamanı söyləyib.
Dövlət başçısı deyib ki, danışıqlar bir müddət davam etdi və burada heç bir ciddi irəliləyiş olmadı.
“Bunun bir xüsusi səbəbi var idi, çünki Ermənistan həmin sülh sazişinə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini daxil etmək istəyirdi. Biz bunun qəti əleyhinə idik. Çünki bu, bizim daxili məsələmizdir. Daxili məsələlər müzakirə mövzusu ola və təbii ki, sazişə də daxil edilə bilməz. Bu məsələ açıq qaldıqca digər məsələlər haqqında, o qədər də əhəmiyyətli olmayan məsələlər haqqında danışmağın mənası yox idi. Azərbaycan öz suverenliyini ötən ilin sentyabrında bərpa etdikdən sonra biz daha üç ay gözlədik ki, Ermənistan nəhayət, danışıqlara yenidən başlasın. Yəni, praktiki baxımdan mahiyyət etibarilə real danışıqlar altı aydır - dekabr ayından başlayaraq gedir və o, xarici işlər nazirləri səviyyəsində həyata keçirilir. Müxtəlif ölkələrdə bir neçə görüş keçirilibdir”.
İlham Əliyev sülh sazişinin mətnindən də danışıb:
“Sülh sazişinin mətninə gəldikdə, mənə xarici işlər naziri tərəfindən verilən məlumata görə, mətnin 80-90 faizi razılaşdırılıb. Ona görə də Ermənistan həmin o müddəanı və terminologiyanı oradan götürməyə razı oldu və beləliklə, normallaşma prosesində irəliləyiş baş verdi. Ancaq burada yenə də hazırda iki məsələ var.
Birincisi, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir ki, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Çünki artıq uzun müddətdir bu qrup fəaliyyətsizdir, bəlkə də bir-iki ildir. Minsk qrupunun fəaliyyətdə olması üçün heç bir səbəb yoxdur. Çünki həmsədrlər de-fakto bir-biri ilə müharibədədir, yəni onların ikisi digərinə qarşı bir yerdədirlər. Fransa burada bütün imkanlardan məhrum edilib. Onlar nəinki vasitəçi, heç bu regionda ola bilməzlər. Onlar Cənubi Qafqaz regionunda bizim razılığımız olmadan mövcud ola bilməzlər. Bizsiz onu etmək istəyirlərsə, onlar uğursuzluğa düçar olacaqlar və bu, bir daha onlar üçün çox acınacaqlı və ağrılı bir məsələ olacaq. Yəni, Minsk qrupunun burada bir növ “canlı” saxlanılmasında nə fayda var, nə məqsəd var?! ATƏT daxilində konsensus şəklində qərarlar qəbul edilir. Ermənistan Minsk qrupunu hələ də fəaliyyətdə saxlamaq istəyirsə, bu o deməkdir ki, Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddiası var və bu, çox ciddi bir faktordur. Bu, bir testdir, bu, bir göstəricidir. Onlar bəyanatlarında bəzən bir şey deyirlər, əməldə isə tam fərqli hərəkət edirlər. Onlar bu gün ən yüksək səviyyədə deyirlər ki, “Qarabağ Azərbaycandır!”. Halbuki 2019-cu ildə bir neçə kilometr buradan uzaqda həmin şəxs çox emosional şəkildə bəyan edirdi ki, “Qarabağ Ermənistandır!”. Bu gün həmin adam deyir ki, “Qarabağ Azərbaycandır!”. Bu, çox gözəl transformasiyadır və mən bunu təqdir edirəm. Ancaq indi bunu əməli addımlarla sübut etmək lazımdır. Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət edilməlidir.
Növbəti şərt odur ki, Ermənistan konstitusiyasında dəyişikliklər edilməlidir. Bizim onların daxili işlərinə hər hansı bir müdaxilə etmək niyyətimiz yoxdur. Ermənistan konstitusiyasında müstəqillik barədə müddəa var və orada Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə var, təhdid var. Orada Ermənistanın və dırnaqarası “Dağlıq Qarabağ”ın birləşməsindən söhbət gedir. Yəni, bu müddəa o konstitusiyada olduğu müddətdə sülh sazişi mümkün deyil. Bir daha demək istəyirəm ki, məni hər kəs yaxşı başa düşsün. Ermənistanın daxili işlərinə bizim hər hansı müdaxiləmizdən söhbət gedə bilməz. Ancaq konstitusiyada belə bir maddənin olması sülh sazişini mümkünsüz edir. Çünki konstitusiya hər hansı bir beynəlxalq müqavilədən üstün sənəddir. Ona görə biz o vəziyyətdə olmaq istəmirik ki, bir gün onlar yenə də öz fikirlərini dəyişəcəklər və biz sentyabrda atdığımız addımları təkrar etməyə məcbur qalacağıq”.
Azərbaycan Prezidenti bildirib ki, bununla yanaşı, sülh sazişinin mətni üzərində danışıqlar davam edir.
“Deyə bilmərəm ki, xarici işlər nazirləri növbəti görüşü nə zaman keçirəcək? Bu gün mən daha az nikbinəm. Çünki bildiyiniz kimi, baş nazir Paşinyan mənimlə Britaniyada görüşməkdən imtina etdi. Bu, Britaniya Hökumətinin təşəbbüsü idi. Təklif o idi ki, bizim aramızda belə bir görüş keçirilsin, həmin Oksford tədbiri çərçivəsində. Ermənistan tərəfi bu təklifi rədd etdi. Biz buna çox təəccübləndik, çünki dörd ay bundan əvvəl Kansler Şolts Münxen şəhərində bənzər bir görüş təşkil etdi. O, görüşdə iştirak edirdi, 5-6 dəqiqə ərzində bizimlə bir yerdə oldu, sonra otağı tərk etdi. Detallar bu idi. Belə bir format düşünülmüşdü ki, o, giriş sözündən sonra otağı tərk etsin. Beləliklə, görüşümüz ikitərəfli qaydada davam etdi. Britaniya Hökuməti də eyni təklifi verdi. Görüşdə Britaniyanın Baş naziri iştirak edəcəkdi və sonra çıxacaqdı. Baş nazir Paşinyan bundan imtina etdi. Yəni, o, mənimlə danışmaq istəmirsə, hansı sülh sazişindən söhbət gedə bilər. O, Britaniyanın Baş naziri ilə danışmaq istəmirsə, Londona və Oksforda niyə səfər edirdi? Yəni, bir sıra məsələlərdə çox ciddi ziddiyyət var. Ancaq biz baxacağıq, dediyim kimi, mən Londondan dünən qayıtmışam. Bir istiqamət mətndir - sülh sazişinin mətni, digəri isə, əlbəttə ki, dediyim kimi, Ermənistan konstitusiyasıdır”, - dövlətimizin başçısı vurğulayıb.