Xəbər Xətti

Yol qəzasına düşən Nəsiman Yaqublu VƏFAT ETDİ

Yol qəzasına düşən Nəsiman Yaqublu VƏFAT ETDİ
25Avqust 202420:00

Bakı Dövlət Universitetinin müəllimi, professor Nəsiman Yaqublu Cəbrayıl rayonu ərazisində yol qəzasında ölüb.

Azlist.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun məlumatına görə, avqutsun 25-i saat 19 radələrində Cəbrayıl rayonu ərazisində sürücü Nəsiman Yaqublu "Nissan" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək maşını yol kənarına aşırıb.

Nəsiman Yaqublu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Nəsiman Yaqqublu Müsavat Partiyasının 125 saylı Zəngilan-Qubadlı seçki dairədindən deputatlığa namizədi idi. Məlumata görə, o, Zəngilandan seçicilərlə görüşdən qayıdırmış.

***

TƏBİB də hadisə ilə bağlı məlumat yayıb.

Məlumata görə, Nəsiman Qara oğlu Yaqublu Cəbrayıl rayonu ərazisində qəzaya düşmə səbəbilə 25.08.2024-cü il tarixində saat 18:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, hemotoraks, sol said sümüklərinin yerdəyişən sınığı, qarın boşluğunun küt travması, travmatik şok diaqnozları təyin edilib.

Həkimlərin səylərinə, aparılan tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb, saat 18:43-də ölüm faktı qeydə alınıb.

***

Nəsiman Yaqublu 1962-ci il fevral ayının 22-də Zəngilan rayonunun Zəngilan kəndində anadan olub. Zəngilan rayonunda orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedib, Sankt-Peterburq Universitetinin Jurnalistika fakültəsində oxuyub. 

1986-cı ildə Leninqrad Universitetini bitirdikdən sonra Bakıya qayıdıb. "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında "Ağrılı ömürlər" kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan Məhəmməd Əmin Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsi haqqında "Xocalı qırğını" kitabını yazıb və 30000 tirajla çap etdirib. 

1993-cü ildə, Qarabağ Savaşında könüllü olaraq Azərbaycan ordusunda xidmətə başlayıb, "Azərbaycan ordusu" qəzetinin Baş redaktoru vəzifəsində çalışıb. 1993-cü ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində baş müəllim olaraq fəaliyyət göstərirdi. 

Hacı Zeynalabdin Tağıyev adına Milli Mükafatın və Həsən bəy Zərdabi Mükafatının laueratıdır. Tarixi və publisistik yazıları Azərbaycanda, Türkiyədə və Polşada çap edilib. 

2001-ci ildə "Azərbaycan Milli İstiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə" mövzusunda namizədlik dissertasiyasını, 2014-cü ildə "Azərbaycan milli istiqlal mücadiləsi və mühacirət mətbuatı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi. 

O, 2019-cu il mayın 27-də Azərbaycan Respublikası Prezidentinin 1205 nömrəli Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib. 

Cümhuriyyət, mətbuat tarixi və jurnalistika ilə bağlı onlarla kitabın müəllifidir.

Allah rəhmət eləsin...