Rəsmi

Əliyev Ermənistanı silahlandıran ölkələrə XƏBƏRDARLIQ ETDİ

Əliyev Ermənistanı silahlandıran ölkələrə XƏBƏRDARLIQ ETDİ
23Sentyabr 202416:15

"Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə görə birbaşa onlar cavabdehlik daşıyacaqlar".

Azlist.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışı zamanı bildirib.

“Onlara Amerikadan indi 250 milyon dollar pul verilir. O puldan onlar istifadə edəcəklər öz daxili məqsədlərinə, qənaət olunan pula isə silah alacaqlar bizi öldürməyə. Bu məsuliyyəti kim daşıyır və kim daşıyacaq, o pulu onlara verən. O cümlədən dırnaqarası Avropa Sülh Fondu. Görün, bu riyakarlığın səviyyəsinə baxın. Silah üçün nəzərdə tutulan fond, ona Sülh Fondu deyirlər, ondan istifadə edir Ermənistan, Fransadan pulsuz silah alır”, - deyə dövlətimizin başçısı bildirib.

Prezident qeyd edib ki, Azərbaycanın şərtləri yerində qalır:

“Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə görə birbaşa onlar cavabdehlik daşıyacaqlar. Təbii olaraq bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların Konstitusiyasına dəyişiklik edilməlidir, Minsk qrupu da ləğv olunmalıdır”.

Prezident bildirib ki, Azərbaycana qarşı ideoloji təxribatlar davam edir.

"Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bu, bizi sakitləşdirməməlidir".

“Bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, media məkanında. Hesab edirəm ki, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir - bizim dostumuz kimdir, düşmənimiz kimdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

İlham Əliyev Ermənistanla münasibətlərin normallaşması məsələsinə də toxunub. Dövlətimizin başçısı xatırladıb ki, İkinci Qarabağ müharibəsində məhz Azərbaycanın təşəbbüsü ilə sülh danışıqları başlayıb. O vaxt nə Ermənistan, nə başqa ölkələr, ümumiyyətlə, gələcəyin nədən ibarət olacağı haqda heç öz fikirlərini formalaşdırmamışdılar.
Ermənistanın məsələni süni şəkildə uzatdığını vurğulayan Prezident deyib: “Bu günə qədər - birinci layihəmiz Ermənistana göndəriləndən bu günə qədər 10 şərhlər mübadiləsi olub. ... aylar keçdikcə təbii olaraq biz gözləyirdik ki, Ermənistan öz şərhlərini daha operativ və çevik bizə verəcək. Ancaq biz bunun tam əksini gördük. Son variantın onlardan alınmasını biz 70 gün gözləməli olduq. Bütün razılaşdırılmamış müddəalar onların variantında sülh müqaviləsindən çıxarıldı. Yəni, bu dərəcədə primitiv və qeyri-adekvat addım, sözün düzü, gözlənilən deyildi”.
Dövlətimizin başçısı bir sıra məqamların Ermənistanın, əslində, sülh istəmədiyini, vaxt uzatmaq istədiyini deməyə əsas verdiyini vurğulayıb.

İlham Əliyev onu da vurğulayıb ki, müstəqil, prinsipial xarici siyasət Azərbaycan dövlətinin əsas istiqamətidir.

“Biz heç vaxt heç kimə qarşı heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər”, - deyən dövlətimizin başçısı belə cəhdlər olduğunu və olacağını bildirib. Deyib ki, onların heç bir əhəmiyyəti yoxdur, ancaq bizim xarici siyasət istiqamətində bu amil təbii olaraq həmişə nəzərə alınacaq. Bizimlə ikitərəfli formatda qarşılıqlı hörmət əsasında kim əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da bizi əsassız olaraq ittiham edəcək, ya da hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq".