Bakıda COP29 konfransı keçirilir – Dünya liderləri Azərbaycandadır
Noyabrın 11-də Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öz işinə başlayıb.
Azlist.az-ın məlumatına görə, hər il dünyanın hər yerindən hökumət nümayəndələri Tərəflər Konfransında (COP) toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib.
COP tədbirləri zamanı dünya liderləri irəliləyişləri qiymətləndirmək və iqlim dəyişmələri ilə mübarizədə ən yaxşı həll yolları barədə müzakirələr aparmaq məqsədilə bir araya gəlirlər.
Hazırda Konvensiya 198 Tərəfdən (197 ölkə və Avropa İttifaqı) ibarətdir.
Noyabrın 11-dən start götürən COP29 noyabrın 22-dək Azərbaycan paytaxtındakı Bakı Stadionunda keçiriləcək.
COP29 çərçivəsində bakıda Liderlər Sammiti də keçirilir. Sammitdə iştirak edən rəsmiləri Azərbaycan Prezidenti İlham Əliyev ilə BMT-nin Baş katibi António Quterres qarşılayıb.
Prezident İlham Əliyev tədbirin açılışında deyib ki, COP29 üçün 196 ölkədən 72 min iştirakçı qeydiyyatdan keçib.
Azərbaycan liderinin sözlərinə görə, gələnlər arasında 80 prezident, vitse-prezident və baş nazir var.
Sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan, Pakistanın Baş naziri Şahbaz Şərif, Polşa Prezidenti Anjey Duda, Moldova Prezidenti Maya Sandu, Macarıstanın Baş naziri Viktor Orban, Avropa Şurasının Baş katibi Alen Berset, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Böyük Britaniyanın Baş naziri Keir Starmer, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel kimi liderlər iştirak edirlər.
Braziliyanın vitse-prezidenti Qeraldo Alkmin, Belçikanın baş naziri Aleksandr De Kro, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, İranın vitse-prezidenti Şina Ənsari, Yəmənin vitse-prezidenti Abdulla Al-Alimi, Albaniyanın Baş naziri Edi Rama, Kot-d'İvuarın vitse-prezidenti Tiemoko Meylie Kone, Vatikan - Müqəddəs Taxt-Tacın dövlət katibi Pietro Parolin, Çexiyanın Baş naziri Petr Fialo, Liberiyanın vitse-prezidenti Ceremi Kunqdə Bakıya gələnlər arasındadır.
Tədbirdə iştirak etmək üçün BP baş icraçı direktoru Murray Auchincloss və Dünya Bankının Prezidenti Ajay Banga, FİFA Prezidenti Gianni İnfantino, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odile Renaud-Basso da Azərbaycana gəliblər.