AZAL-ın təyyarəsi qəzaya uğradı - Ölənlər var
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 kilometr yaxınlığında qəza enişi edib.
Azlist.az xəbər verir ki, AZAL-dan bildirilib ki, ilkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
AZAL-ın məlumatına görə, Bakı-Qroznı reysini yerinə “Embraer 190” təyyarəsinin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
“Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.
Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir”, - AZAL-ın məlumatında qeyd edilib.
***
İlkin məlumatlara görə, Aktauda baş verən təyyarə qəzasında 25 nəfər sağ qalıb.
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən bildirilib.
"Təyyarədə ümumilikdə 67 nəfər, o cümlədən, 5 ekipaj üzvü olub. Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir. İlkin məlumata əsasən, 25 nəfər sağ qalıb, onlardan 22-si xəstəxanaya çatdırılıb", - deyə qurumun məlumatında qeyd olunub.
Məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub.
***
Baş vermiş hadisəni yerində araşdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər.