Rəsmi

Samir Şərifov nazir postundan çıxarıldı - Yeni vəzifə verildi

Samir Şərifov nazir postundan çıxarıldı - Yeni vəzifə verildi
10Yanvar 202513:33

Samir Şərifov Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsindən azad edilib.

Azlist.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Samir Şərifov Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib.

Qeyd edək ki, Baş nazirin keçmiş müavini Əli Əhmədov Milli Məclisə deputat seçildiyindən Nazirlər Kabinetində vacant vəzifə yaranmışdı.

Samir Şərifov Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra nazir postuna yüksəlmişdi - 2006-cı ildə Azərbaycan Respublikasının maliyyə naziri təyin olunmuşdu. 

Samir Rauf oğlu Şərifov 7 sentyabr  1961-ci ildə anadan olub.

1983-cü ildə Ukraynada, Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib, magistr dərəcəsi alıb.  

1983-1991-ci illərdə keçmiş SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində Bakıda və xaricdə (Yəmən Xalq Demokratik Respublikası) iqtisadçı, 1991-1995-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, idarə rəisinin müavini işləyib.
1995-2001-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Departament direktoru, baş director vəzifələrini tutub.
2001-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru vəzifəsində işləyib. Eyni zamanda 2003-2006-cı illərdə Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Hökumət Komissiyasının sədri olub.

Samir Şərifov 2006-cı il aprelin 18-də Azərbaycan Respublikasının maliyyə naziri təyin olunub. Həmin vaxtadək maliyyə naziri postunu Əvəz Ələkbərov tuturdu.

Samir Şərifov eyni zamanda Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan Respublikası üzrə təmsilçi direktordur.

6 avqust 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında maliyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Samir Şərifov "Şöhrət" ordeni ilə təltif olunub

Evlidir, üç övladı var.