Rəsmi

İlham Əliyev Ermənistan rəhbərliyinə ÇAĞIRIŞ ETDİ

İlham Əliyev Ermənistan rəhbərliyinə ÇAĞIRIŞ ETDİ
28Yanvar 202516:34

Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib.
Azlist.az xəbər verir ki, müşavirədə Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafı müzakirə edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirədə çıxış edib.

Dövlət başçısı Bakı şəhərində tıxacların ildən-ilə artdığını qeyd edib.

“Bunun təbii səbəbləri var. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Əlbəttə ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir”, - Prezident deyib.

İlham Əliyev bildirib ki, bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir.

Azərbaycanın nəqliyyat layihələrindəki iştirakından danışan dövlət başçısı Zəngəzur dəhlizini xüsusi qeyd edib:

“Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq. Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur. Yəqin ki, siz də eşitmisiniz, dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və biz bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq. Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır. Ermənistan rəhbərliyinə bir daha məsləhət görərdim ki, 10 noyabr kapitulyasiya aktını diqqətlə oxusun və orada xüsusilə dediyim o bəndə diqqət yetirsin”.

Prezident bildirib ki, Ermənistan tərəfi yenə də özünü qeyri-səmimi aparır. Nəticədə Ermənistan bundan sonra da dalan ölkə kimi davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları elə onların gözlərində qalacaq.

“Özləri daha çox itirəcəklər, nəinki biz. Ona görə bu məsələ diqqət mərkəzində olacaq və həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir və nəzərə alsaq ki, Qərbi Zəngəzuru sovet hakimiyyəti bizim əlimizdən 1920-ci ilin noyabrında alıb və Azərbaycan xalqına qarşı cinayət törədib, bu, birinci və sonuncu cinayət deyildi. İkincisi, ondan sonra ardıcıllıqla əgər getsək, cinayət dırnaqarası “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Azərbaycan ərazisində yaradılması idi. Ondan əvvəlki cinayət ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə köçürülməsi idi. Ondan əvvəlki cinayət Qarabağ xanının öldürülməsi idi, hansı ki, zəmanət verilmişdi ki, o, öz rəhbərliyini Qarabağda icra edəcək və XX əsrin digər cinayətləri də göz önündədir. Xocalı soyqırımı, 20 Yanvar və torpaqlarımızın 1990-cı illərin əvvəllərində işğalı. Yəni, biz bunu unutmamışıq, Azərbaycan xalqı bunu unutmayıb. Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq. Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir”.

“Biz indi yeni dövlət proqramı qəbul edəcəyik. Ölkə üzrə, o cümlədən azad edilmiş ərazilərdə bütün nəqliyyat layihələri bundan sonra da icra ediləcək. Hər şey plan üzrə gedir. Bu ilin İnvestisiya Proqramında da bu məqsədlər üçün lazımi vəsait ayrılıb.

O ki qaldı, Bakı şəhərinə və onun ətrafında yerləşən ərazilərə, burada yenə də deyirəm, yeni dövlət proqramının qəbul edilməsi zəruridir. Bu, çox böyük proqram olacaq, böyük maliyyə tutumlu proqram olacaq. Bütün aidiyyəti qurumların birgə fəaliyyətini və səmərəli işlərini tələb edən proqram olacaq. Ona görə mən bugünkü müşavirəni çağırmışam ki, bu məsələləri biz müzakirə edək və bizə təqdimat edilsin, ictimaiyyət də bilsin ki, nələr gözlənilir, hansı illərdə hansı işlər görülsün. Eyni zamanda, ictimaiyyət nümayəndələri də müvafiq dövlət orqanlarına - Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə öz tövsiyələrini verə bilərlər. Bəlkə biz nəyi isə bu proqrama salmamışıq. Yəni, yerlərdən də gələn təkliflər nəzərə alınacaqdır”, - Prezident qeyd edib.