Azərbaycanda 6-cı bələdiyyə seçkiləri keçirilib
Yanvarın 29-da Azərbaycanda mövcud olan 685 bələdiyyəyə seçkilər keçirilib. 685 bələdiyyəyə 8071 üzv seçilməli idi və bu bələdiyyələr Azərbaycanda mövcud olan 125 dairənin 118-nin ərazisini əhatə edib. Gün ərzində seçicilərin fəallığı ilə bağlı ictimaiyyətə beş dəfə məlumat verilib. Yekunda 1 milyon 874 min 810 nəfər səsvermədə iştirak edib ki, bu da ümumi seçicilərin 31,45 faizini təşkil edir.
Mərkəzi Seçki Komissiyası (MSK) bəyan edib ki, bütün dairələrdə seçkilər normal keçib.
MSK sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin ilkin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, heç bir şikayət daxil olmayıb.
O, bütün məntəqələrin vaxtında – saat 08:00-da açıldığını və 19:00-da bağlandığını bildirib.
Diqqətə çatdırılıb ki, dairə seçki komissiyalarının protokolları yanvarın 30-dan etibarən MSK-ya daxil olmağa başlayacaq.
"Bundan sonra biz ilkin protokol məlumatları əsasında ictimaiyyəti nəticələrlə tanış edəcəyik”, - deyə Məzahir Pənahov vurğulayıb.