Rəsmi

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 3983 nəfər itkin düşüb

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 3983 nəfər itkin düşüb
10Mart 202510:31

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 3983 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

Azlist.az xəbər verir ki, bunu Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Qəzənfər Əhmədov deyib.

O bildirib ki, itkin düşənlərdən 3209 nəfəri hərbçi, 774 nəfəri isə mülki şəxsdir:

“3983 nəfərdən 285 nəfəri qadındır. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 1702 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Komissiyada qeydiyyatdadır. Onlardan 419 nəfəri hərbçidir. Göründüyü kimi daha çox mülki şəxslər əsir, girov götürülür”.

Dövlət Komissiyasının katibi bildirib ki, azad edilmiş ərazilərdə aparılan qazıntı işləri zamanı 23 kütləvi məzarlıq aşkar olunub.

Ermənistanın işğalından azad edilmiş ərazilərdə aparılan tikinti işləri zamanı 309-dək şəxsə aid meyit qalıqları aşkar edilib:

“Eyni zamanda, Azərbaycanın müxtəlif şəhər və rayonlarında 23 qəbiristanlıqda tanınmadan dəfn edilmiş məzarlardan 192 nəfərə aid meyit qalığı eskhumasiya edilib. 1 mart 2025-ci ilə olan məlumata əsasən, 688 itkin düşmüş şəxsə aid meyit qalığı aşkarlanıb. Onlardan 165 nəfərin şəxsiyyəti eyniləşdirilərək meyitləri ailələrinə təhvil verilib”.