Azərbaycanın hərbi prokuroru təqaüdə göndərildi
Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyevin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar aprelin 8-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə toplantı keçirilib.
Azlist.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat yayıb.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Xanlar Vəliyevin bu günə qədərki fəaliyyətini yüksək dəyərləndirib.
Xanlar Vəliyevə Azərbaycan Prezidentinin 17 mart 2025-ci il tarixli Sərəncamı ilə verilmiş 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim olunub.
Xanlar Vəliyev çıxış edərək ölkə başçısına təltif olunmasına görə minnətdarlığını bildirib.
1955-ci il təvəllüdlü Xanlar Vəliyev 1978-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirərək prokurorluq orqanlarında fəaliyyətə başlayıb. Əmək fəaliyyətinə Gəncə şəhər prokurorluğunun baş müstəntiqi və şəhər prokurorunun köməkçisi kimi başlayan Xanlar Vəliyev daha sonra Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində çalışıb, 1993–2000-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini olub.
2005-ci il 10 fevral tarixində Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilən Xanlar Vəliyev hazırkı vaxtadək həmin vəzifədə çalışıb.