Xəbər Xətti

Azərbaycan əhalisi: doğulanlar, ölənlər, boşananlar - STATİSTİKA

Azərbaycan əhalisi: doğulanlar, ölənlər, boşananlar - STATİSTİKA
17İyun 202515:20

Azərbaycan əhalisinin sayı 2025-ci ilin əvvəlindən 11338 nəfər və ya 0,1 faiz artaraq may ayının 1-nə 10 milyon 236 min 227 nəfər olub.

Azlist.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

01.06.2025-ci il tarixədək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 148 min 43 nəfərdən ibarət 3721 ailənin qayıdışı təmin edilib.

Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 1 150 nəfər tələbə də nəzərə alınmaqla işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 48 min 209 nəfər təşkil edib.

Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Yanvar-aprel aylarında 31462 yeni doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,0-dan 9,4-ə düşüb.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,4 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,6 faiz olub. Körpələrdən 1000-i əkiz, 42-si isə üçəm olub.

Bu ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 14 min 953 nikah və 6 min 784 boşanma halları qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,1-dən 4,4-ə qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.

Bu ilin yanvar-aprel aylarında ölkədə 20 min 535 ölüm halı qeydə alınıb.

2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə bu göstərici azalaraq 6,2-dən 6,1-ə düşüb.