İlham Əliyev Paşinyanla görüşdü - Razılıq ƏLDƏ OLUNDU
İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü keçirilib.
Azlist.az xəbər verir ki, görüş 5 saat davam edib. Əbu-Dabidəki sülh danışıqlarında liderlər əvvəlcə nümayəndə heyətlərinin iştirakı ilə müzakirə aparıblar, sonra görüş təkbətək formatda davam edib.
Azərbaycan nümayəndə heyətinin tərkibində Baş nazirin müavini Şahin Mustafayev, Prezidentin köməkçisi Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov olub.
Ermənistan nümayəndə heyətinin tərkibində isə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, Baş nazirin müavini Mher Qriqoryan və parlamentin sədr müavini Ruben Rubinyan təmsil olunub.
Tərəflərin yaydığı rəsmi məlumatlara görə, görüş konstruktiv atmosferdə keçib.
Sülh gündəliyinin mühüm istiqamətləri - sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparılıb.
Bu danışıqların müxtəlif işçi qrupları formatında və daha yüksək səviyyələrdə davam etdirilməsi üçün ümumi razılıqlar əldə olunub.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin yaydığı məlumatda bildirlib ki, Əbu-Dabi şəhərindəki görüşdə dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib.
"İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.
Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.
Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.
Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana səmimi qonaqpərvərliyə və ikitərəfli görüşün təşkilinə görə təşəkkür ediblər",-məlumatda deyilir.