Xəbər Xətti

Xalq artisti Arif Babayev vəfat etdi

Xalq artisti Arif Babayev vəfat etdi
1Avqust 202510:32

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayev 87 yaşında vəfat edib.

Azlist.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib. 

Xalq artistinin müalicə aldığı Mərkəzi Klinika da onun ölümü ilə bağlı məlumat yayıb.

“Bu gün səhər saat 06:30 radələrində Xalq artisti, görkəmli ictimai xadim, sevimli muğam ustadı Arif İmran oğlu Babayev Mərkəzi Klinikanın Reanimasiya və intensiv terapiya şöbəsində həyata keçirilən hərtərəfli kompleks müalicə tədbirlərinə baxmayaraq vəfat edib”, - klinikadan bildirilib.

Arif Babayev 20 fevral 1938-ci ildə Ağdamın Sarıhacılı kəndində anadan olub.

1962-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. 1963-1966-ci illərdə Dövlət Filarmoniyasında, 1966-cı ildə Dövlət Opera və Balet Teatrında çalışıb.

Azərbaycan Dövlət Opera və Balet Teatrına solist kimi dəvət olunan Arif Babayev burada Məcnun, Kərəm (Ü.Hacıbəyov "Leyli və Məcnun", "Əsli və Kərəm"), Aşıq Qərib (Z.Hacıbəyov "Aşıq Qərib"), Camal (Ş.Axundova "Gəlin qayası") kimi yaddaqalan obrazlar yaradıb. Arif Babayevin ifasında bütün muğam dəstgahlar səslənib və lentə alınaraq AzTV-nin qızıl fonduna daxil olub.

1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlayıb. Daha sonra 1984-cü ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə qəbul olunub.

1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Milli Konservatoriyanın Muğam kafedrasına rəhbərlik edib. O, eyni zamanda Xəzər Universitetində muğam dərsi də verib.

Arif Babayevin yaradıcılığında "Şur", "Seygah" muğam dəstgahları, "Arazbarı", "Qarabağ şikəstəsi" zərbi muğamları önəmli yer tutub. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilib.

 

Allah rəhmət eləsin!