İlham Əliyev ABŞ-da səfərdədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfər edib.
Azlist.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Dövlətimizin başçısını “Joint Base Andrews” hərbi hava bazasında rəsmi şəxslər qarşılayıblar.
"Reuters" məlumatına görə, avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycanın Prezidenti İlham Əliyevin görüşü təşkil olunacaq.
Görüş sülh çərçivə sənədinin imzalanması ilə yekunlaşacaq.
ABŞ rəsmilərinin açıqlamasına görə, sənəddə Cənubi Qafqazda yerləşən və strateji əhəmiyyət daşıyan tranzit dəhlizi (Zəngəzur dəhlizi - red.) üzrə xüsusi inkişaf hüquqlarının ABŞ-a verilməsi də nəzərdə tutulur. Dəhliz “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” ("Trump Route for International Peace and Prosperity" – TRIPP) adlandırılacaq.
İmzalanacaq çərçivə sənədi Ermənistan və Azərbaycan arasında “sülhə konkret yol xəritəsi”ni müəyyən etməyi və uzun illərdir mübahisə mövzusu olan tranzit dəhlizi məsələsini həll etməyi hədəfləyir.
Dəhliz çərçivəsində Ermənistan ABŞ-a uzunmüddətli infrastruktur və idarəetmə hüquqları verməyə razılaşıb. ABŞ bu dəhlizi kommersiya əsaslı subpodratçılara icarəyə verəcək.
Trampın vasitəçiliyi ilə baş tutan görüş çərçivəsində Ermənistan və Azərbaycan liderləri həmçinin ATƏT-in 1992-ci ildə yaradılmış və Fransa, Rusiya, ABŞ-ın həmsədr olduğu Minsk Qrupunun rəsmi olaraq buraxılması üçün sənəd imzalayacaqlar.