Rəsmi

Putin Əliyevlə görüşdü: Rusiya lideri üzr istədiyini xatırlatdı

Putin Əliyevlə görüşdü: Rusiya lideri üzr istədiyini xatırlatdı
9Oktyabr 202516:30

Bu gün Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib.

Azlist.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidmətinin məlumatında bildirilib.

Görüşün əvvəlində əsas mövzu AZAL təyyarəsilə bağlı olub.

Putin bir daha həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.

O, Rusiya səması üzərində baş verən qəzadan sonra telefon danışığı zamanı üzr istədiyini xatırladıb.

Rusiya Prezidentinin sözlərinə görə, həmin gün Rusiyanın hava məkanına müdaxilələr olub və Hava Hücumundan Müdafiə sistemi tərəfindən atəş açılıb.

Putin qeyd edib ki, raket atəşi AZAL-ın təyyarəsinə açılmasa da, partlayış bir neçə metr məsafədə baş verib və qəlpələr ona dəyib:

“AZAL təyyarəsi raketlərin döyüş elementləri ilə deyil, böyük ehtimalla onların qəlpələri ilə zədələnib”.

Putinin sözlərinə görə, təyyarə heyətinə Mahaçqalaya eniş təklif edilsə də, ekipaj  bazaya, əsas hava limanına istiqamət alıblar.

Rusiya Prezidenti həmçinin vurğulayıb ki, hadisə ilə bağlı bütün vəzifəli şəxslərin fəaliyyətinə hüquqi qiymət veriləcək və qəzaya səbəb olan bütün amillər obyektiv şəkildə araşdırılacaq.

“Ən vacibi, bu faciənin əsl səbəbləri müəyyən edilməli və ictimaiyyətə açıq şəkildə təqdim olunmalıdır,” – deyə Putin əlavə edib.

O, kompensasiya ilə bağlı da müvafiq addımların atılacağını diqqətə çatdırıb.

Azərbaycan Prezidenti İlham Əliyev AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti şəxsən nəzarətdə saxladığına görə rusiyalı həmkarı Vladimir Putinə təşəkkür edib.

"Bu vəziyyəti şəxsən nəzarətdə saxladığınıza görə Sizə təşəkkür etmək istərdim. Siz istintaqın gedişinə şəxsən nəzarət edirsiniz və bizim şübhəmiz yox idi ki, o, hər şeyi obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə Sizin məhz bu məsələyə aydınlıq gətirməyi lazımlı hesab etdiyinizə görə bir daha minnətdarlığımı bildirmək istərdim”, - deyə dövlətimizin başçısı bildirib.

Xatırladaq ki, hadisə 2024-cü il dekabrın 25-də baş verib. Rusiya səmasında vurulan təyyarəmiz Qazaxıstanın Aktau şəhəri yaxınlığında eniş edib. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb.