“Narkomaniya və zərərli vərdişlərə qarşı” tədbiri keçirilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri” layihəsi çərçivəsində Azərbaycan Tibb Universitetində “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi tərəfindən yerli və əcnəbi tələbələrin iştirak etdiyi maarifləndirici tədbir keçirilib.
İctimai Birlikdən Azlist.az-a bildiriblər ki, tədbirdə çıxış edən layihə rəhbəri Vidadi Fətullayev gənc nəslin sağlamlığının qorunması sahəsində ölkəmizdə aparılan islahatlardan, dövlət qurumlarının bu sahədə apardıqları mübarizədən, narkotik vasitələr və zərərli vərdişlərin insan həyatı və cəmiyyətimiz üçün fəsadlarından danışıb, gənclərimizi zərərli vərdişlərdən uzaq durmağa çağırıb.
QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Tibb Universitetinin rəhbərliklərinə tədbirin təşkilində göstərdikləri dəstəyə görə minnətdarlığını bildirən QHT sədri tədbir iştirakçılarına uğurlar arzulayıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun (NMDK) məsul işçisi Vasif Quliyev Narkomaniyaya qarşı 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı çərçivəsində işçi qrup tərəfindən görülən işlər barədə danışıb, slaydlarla narkotik və psixotrop maddələr, onların səbəb olduğu xəstəliklər barədə ətraflı məlumatlar verib, 802 və 102 qaynar xətlərinin bu istiqamətdə əhəmiyyətindən danışıb. O, narkomaniya və zərərli vərdişlərə qarşı maarifləndirmə tədbirlərinə cəmiyyətimizin bütün üzvlərinin qatılmasının zəruriliyini vurğulayıb.
Dövlət Miqrasiya Xidmətinin “Miqrasiya siyasəti və hüquqi təminat” baş idarəsinin məsul əməkdaşı Adəm Salahov qanunazidd hərəkətlərə görə xarici ölkə vətəndaşları üçün Miqrasiya qanunvericiliyində nəzərdə tutulan müvafiq maddələrdən bəhs edib. Azərbaycana başqa ölkələrdən gələn tələbələr üçün yaradılan yüksək səviyyəli şəraitdən qanunlar çərçivəsində maksimum faydalanaraq sağlam həyat tərzi seçmələrini tövsiyə edib.
Maarifləndirici bukletlər və çap materiallarının paylandığı tədbirdə çıxış edən universitet nümayəndələri və iştirakçılar ölkəmizdə gənclərin narkotik və zərərli vərdişlərdən uzaq durması üçün yaradılan şəraitdən razılıqlarını qeyd ediblər. Prezident İlham Əliyevin bu il Gənclər Günündə zərərli vərdişlərə qarşı səsləndirdiyi fikirlərin gənclərimiz üçün bir şüar olduğunu vurğulayıb və tədbirin təşkilinə dəstək göstərən bütün qurumlara minnətdarlıqlarını çatdırıblar.