İran Naxçıvanı dronla VURDU
Naxçıvan Muxtar Respublikası dron zərbəsinə hədəf olub.
Azlist.az xəbər verir ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub.
İrandan uçan dronlardan biri aeroportun ərazisinə, digəri isə Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.
Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım avtomobilləri cəlb olunub.
***
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, 5 mart tarixində günorta radələrində Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib.
"1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.
Hava Limanının binasına zərər dəyməsi və iki nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnən İran İslam Respublikası ərazisindən həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik.
Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir.
İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edirik.
Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilərək, müvafiq etiraz notası təqdim ediləcək", - məlumatda deyilir.